Ölkəmiz və xalqımız adına tarixi zəfər anlarıyla zəngin olan, millətimizin gələcəyi baxımından böyük əhəmiyyət kəsb edən 2023-cü ilin son həftəsinə keçid etmək üzrəyik.
Şübhəsiz ki, bu il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir çox mühüm hadisələrlə yadda qaldı və qalır da. Şanlı Azərbaycan Ordusunun 2020-ci ildə Qarabağdakı 44 günlük savaşda və 2023-cü ildə 23 saatlıq anti-terror əməliyyatında əldə etdiyi qələbələrin nəticəsidir ki, bu gün Azərbaycan xalqı 2023-cü ilin son günlərini də sevinc və zəfər hissi il yaşayır, bu cür tarixi və unudulmaz anlara şahidlik edir. Bu dəfə belə duyğu dolu anlara tarixi və əzəli Azərbaycan torpağı olan Xankəndi şəhəri ev sahibliyi edib.
Belə ki, bu həftə Xankəndi şəhər stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. 30 il sonra Azərbaycan futboluna ev sahibliyi edən Xankəndi şəhərindəki matçı ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Xankəndidən olan və vaxtı ilə tarixi torpaqlarından didərgin düşən yüzlərlə soydaşımız, şəhid ailələri və onların övladları stadiondan canlı izləyiblər.

Ölkə başçısı oyundan əvvəl çıxış edərək, Xankəndiyə tarixi qayıdışın önəmindən, bu günün məsxusi özəlliyindən bəhs edib.
"Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi.
Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər",-deyə ölkə başçısı vurğulayıb.
Bu gün əminliklə deyə bilərik ki, bu futbol matçı ilə dörd gün sonra, dekabrın 28-də Yuxarı Qarabağın mərkəzi sayılan, əsrlər boyu azərbaycanlıların tarixi dədə-baba torpağı olmuş Xanın kəndi kimi də bilinən Xankəndi şəhərinə böyük qayıdışın təməli atılmış oldu.

Məlumat üçün bildirək ki, tarixi sənədlərə görə, Xankəndi şəhəri XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınıb. Elə şəhərin adı buradan yaranıb. 1813-ci ilədək bircə nəfər erməninin də yaşamadığı Xandəndidə sonralar çar Rusiyası tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilib.
SSRİ dövründə Xankəndidə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. 1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşib.
6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Beləliklə də Xankəndi erməni işğalı altına düşüb.
Keçmiş SSRİ dövründə Xankəndində yaşayan azərbaycanlılar tədricən buradan didərgin salınıblar. Moskvanın himayəsilə güclənən erməni separatizm sonuncu azərbaycanlıları 28 dekabr 1991-ci ildə Xankəndindən qovmağa nail oldular. Və şəhərin işğalı tam başa çatdırıldı.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sonuncu dəfə Xankəndi əhalisini rəsmən 1979-cu ildəki siyahıyaalma zamanı saya bilib. 1979-cu il məlumatına əsasən, Xankəndi şəhərində 38948 nəfər əhali yaşayıb ki, onlardan 4303 nəfərini azərbaycanlılar, 33898 nəfərini ermənilər, 747 nəfərini isə rus və digər millətlərdən olanlar təşkil edirdi.
1989, 1999, 2009 və 2019-cu illərdə aparılan şəhər və rayonlar üzrə əhalinin siyahıyaalınmaları zamanı Xankəndi əhalisinin sayı təxmin edilərək götürülüb.
Statistika Komitəsinin siyahıyaalmaları zamanı Xankəndidə yaşayan daimi əhali sayı 1979-cu ildə 38,9 min nəfər, 1989-cu ildə 57, 8 min nəfər nəfər olub. Təxminlərə görə, 1988-ci ildə 15 min azərbaycanlı Xankəndidən didərgin düşüb. İndi Xankəndinin əsl sahibləri tarixi torpaqlarına qovuşmaq üçün gün sayırlar.
Rasim Əliyev
"AzPolitika.info"
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanmışdır.


Şərhlər