Menu

İLHAM ƏLİYEVİN 20 İLLİK PREZİDENTLİYİ: Nailiyyətlər, perspektivlər

24.12.2023, 14:57
İLHAM ƏLİYEVİN 20 İLLİK PREZİDENTLİYİ: Nailiyyətlər, perspektivlər

Heydər Əliyevin layiqli varisi İlham Əliyev 2003-cü il oktyabr ayının 15-də Prezident seçiləndən sonra Ulu Öndərin siyasətinə sadiq qalacağına, onun irsini qoruyacağına və daha da inkişaf etdirəcəyinə söz verdi. Keçən 20 illik prezidentlik dövründə dövlət başçısı nəinki verdiyi sözə əməl etdi, həm də xalqla lider, cəmiyyətlə dövlət arasında qırılmaz tellər bağladı və körpü yaratdı.

Belə ki, ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı dinamik bir inkişaf yolu keçmiş, Azərbaycan dövləti regionun aparıcı dövlətinə çevrilmiş və bütün sahələrdə müstəqilliyini gücləndirmişdir. Azərbaycan öz iqtisadiyyatını tamamilə yeni güclü rəqabət qabiliyyətli əsaslar üzərində formalaşdırmış, regionun mühüm enerji və nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də maliyyə donoru kimi çıxış etmişdir.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkə statusuna layiq görünmüşdür. Ümumi daxili məhsul 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına qədər artmış və nəticədə ölkə ÜDM-nin real həcmi 4 dəfə yüksəlmişdir. Dövlət büdcəsinin xərcləri 30 dəfə artmaqla bərabər, adambaşına düşən büdcə xərcləri 2003-cü illə nisbətdə 23,3 dəfə artaraq 3500 manat təşkil etmişdir.

Hər bir Azərbaycan vətəndaşının prezindenti olacağını vəd edən dövlət başıçısının səyləri nəticəsində optimal sosial müdafiə sistemi formalaşdırılmışdır. İllik sosial müdafiə xərcləri 20 dəfə, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artmışdır. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. Yoxsulluq səviyyəsi 2003-cü illə müqayisədə 2022-ci ildə 44,7 faizdən 5,5 faizə qədər endirilmişdir.

Ölkə iqtisadiyyatının dayanıqlı artım mənbələri formalaşdırılmış və rəqabət qabiliyyəti yüksəldilmişdir. Milli iqtisadiyyatın neftqaz amilindən asılılığının azaldılması maksimum prioritetlik təşkil etmişdir. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına qədər artmış, xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına qədər yüksəlmişdir. Strateji valyuta ehtiyatlarının həcmi 66,1 milyard ABŞ dolları təşkil edir.

Prezident İlham Əliyev ölkədə bazar iqtisadiyyatının inkişafına, sahibkarlığın genişləndirilməsinə və biznes mühitinin yaxşılaşdırılmasına, onun səmərəliliyinin artırılmasına xüsusi önəm verir. Bu davamlı siyasətin və praktiki fəaliyyət mexanizmlərinin nəticəsində sahibkarlıq subyektlərin sayı 180 mindən 1,5 milyona qədər artıb. Eyni zamanda 23 mindən artıq kiçik müəssisə və obyekt özəl mülkiyyət statusunu alıb.

Qeyd edək ki, Azərbaycan həm də transmilli layihələrin reallaşdırılmasında, regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş-ölkə statusunu qazanmışdır. Bakı–Tbilisi–Ceyhan neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına əsaslı təkan vermiş, xarici siyasətimizin güclənməsini və inkişaf etməsini təmin etmişdir. Bu transmilli enerji layihəsi həm də böyük siyasi əhəmiyyət daşıyır. “Cənub Qaz Dəhlizi”i məqsədi isə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi və hasil olunacaq təbii qazın Türkiyəyə və Cənubi Avropaya ixracı infrastrukturunu yaratmaqdan ibarət olmuşdur. Hazırda Azərbaycanın təbii qazı Avropa bazarlarına nəql olunur.

Azərbaycan özünün geoiqtisadi və geocoğrafi üstünlüklərindən uğurla bəhrələnməkdədir. Beynəlxalq əhəmiyyət kəsb edən avtomobil və dəmir yolu marşrutları fəaliyyət göstərməkdədir. Yüksək texnologiyalar əsaslı və etibarlı beynəlxalq hava limanları istismara verilmişdir və sevindirici haldır ki, bunlardan ikisi artıq işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir, biri isə tezliklə istismara veriləcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti kifayət qədər yüksək qiymətləndirilir. Eyni zamanda, Azərbaycan artıq “kosmik ailənin” üzvü statusunu alıb.

Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilir. Reallaşdırılan 3 dövlət proqramı və hazırda icra olunan 4-cü dövlət proqramı sayəsində regionların inkişaf prosesləri sürətləndi, işsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü və 2 milyondan çox yeni iş yeri yaradıldı. 2004-2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmış və 100 mindən çox müəssisə yaradılmışdır. Bu dövlət proqramları üzrə regionlara yönəldilən investisiyaların ümumi həcmi 104 milyard manat olmuşdur.

Ötən 20 il ərzində tarixi əhəmiyyət kəsb edən nailiyyətlərdən biri də torpaqlarımızın işğaldan azad edilməsidir. Böyük Qarabağ Zəfərini reallaşdıran müzəffər ordumuzun formalaşdırılmasına və inkişaf etdirilməsinə strateji yanaşmalar təmin olunmuşdur. Bu ərazilərdə iki yeni – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır. Artıq Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan çox vəsait ayrılmışdır. Keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdışı intensivləşməkdədir.

20 il ərzində əldə olunmuş bu tarixi uğurlar və iqtisadi tərəqqi belə qənaətə gəlməyə imkan verir ki, Prezident İlham Əliyev XXI əsrin liderlik statusuna yüksələn, xalqın tam etimadını qazanan, xalqla dövlət arasında vahid birliyi təmin edən, "Dəmir yumruğu" düşmənin başı üzərində əzəmətlə dayanan və qalib ölkənin Ali Baş Komandanı, müzəffər ordunun məğlubedilməz sərkərdəsi kimi hazırda ozünün liderlik və siyasi fəaliyyətinin ən yetkin səviyyəsindədir.

Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev bundan sonra da maksimum səmərəli və məhsuldar olaraq Azərbaycan xalqının yüksək sosial rifahı və dövlətimizin əhəmiyyətli səviyyədə tərəqqisi istiqamətində qarşıya qoyulan hədəflərə çatacaq və ölkəmizin sosial-iqtisadi inkişafını daha da intensivləşdirəcəkdir.

ŞƏFA ƏLİYEV,

professor, iqtisad elmləri doktoru

Şərhlər

Bilalov 2023-12-25 09:58:31

Bəs itirilənlər?Milyardlar,şəhidlər,talançılıq?Bunu da qeyd edin məlumatlarınız tam olsun.Təkcə tərifnamə psixikaya ziyan verər.Özünə arxayınçılıq yaradar.

Roma 2023-12-24 15:51:17

Möhtərəm Prezidentimizi ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, can sağlığı, ailə səadəti, daha xoş günlər arzulayıram...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol