Menu

Azərbaycanla dost münasibətdə olan ölkədə nə baş verir? – “Sebiyada yeni “Maydan” olmayacaq...”

25.12.2023, 11:59
Azərbaycanla dost münasibətdə olan ölkədə nə baş verir? – “Sebiyada yeni “Maydan” olmayacaq...”

Xəbər verildiyi kimi, Azərbaycanla kifayət qədər yaxın, hətta dost münasibətlərində olan Serbiyada keçirilən seçkilərin nəticələrinə etiraz olaraq, paytaxt Belqradda kütləvi etiraz aksiyası keçirilib. Aksiyanın iğtişaşlara çevrildiyi barədə məlumatlar var.

Dekabrın 24-ü axşam saatlarında ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası keçirənlər meriyanın binasına soxulmağa cəhd ediblər. İnsanlar Belqrad meriyasının qarşısına müxalifətin “Serbiya Zorakılığa Qarşı” koalisiyasının dəvəti ilə toplaşıb. Bu, Serbiyada (müxalifətin fikrincə) çoxsaylı pozuntularla keçirilən parlament seçkilərinin nəticələrinə qarşı sayca yeddinci etiraz aksiyasıdır. Nümayişçilər aksiyaya Serbiya və Avropa İttifaqının bayraqlarını gətiriblər. Aksiya zamanı onlar hakimiyyəti nəzərdə tutaraq, “Oğrular” şüarını qışqırıblar.

Müxalifət nümayəndələri meriyanın eyvanından çıxış etmək istəsələr də, polis buna imkan verməyib. Müxalifətdən Belqrad merliyinə namizəd olan Vladimir Obradoviç deyib ki, polis onlara “iş yerlərinə” getməyə icazə vermir. Onun sözlərinə görə, müxalifət nümayəndələri Serbiya hökumətindən seçki böhranından çıxmaq üçün danışıqlar qrupu təşkil etməyi tələb edirlər.

İnsident zamanı bəzi maskalı şəxslər Belqrad meriyasına soxulmağa çalışsalar da, içəridəki polis qüvvələri gözyaşardıcı qazdan istifadə edərək etirazçıları dağıdıb. Bundan sonra polis nümayişçiləri Belqradın mərkəzindən çıxmağa məcbur edib və 30-dan çox etirazçı saxlanılıb. Serbiya Prezidenti Aleksandr Vuçiç ümumilikdə 35 etirazçının həbs edildiyini bildirib və onların hamısının məsuliyyətə cəlb ediləcəyini deyib. O, həmçinin bildirib ki, iki polis əməkdaşı ağır, bir neçə nəfər isə yüngül yaralanıb. Prezident müxalifəti hökumət qurumlarını zorakılıqla ələ keçirməyə cəhddə ittiham edib.

Öz növbəsində, “Serbiya Zorakılığa Qarşı” koalisiyasının nümayəndələri hökuməti etirazların dağıdılması zamanı həddindən artıq zorakılığa yol verməkdə ittiham edirlər.

Bu arada Serbiyanın Baş naziri Ana Brnabiç Rusiya təhlükəsizlik xidmətinin Belqradda gözlənilən iğtişaşlar barədə onları xəbərdar etdiyini bildirib. Brnabiç deyib ki, o, Qərb ölkələrinin diplomatları ilə şəxsən əlaqə saxlayıb, onlara mövcud durum və təhlükə ilə bağlı məlumat verib, lakin onlar bunu ciddi qəbul etməyiblər. Bu isə sözügedən etirazların arxasında Qərbin durduğu barədə şübhələri artırmış olub: “Bizdə bu barədə xəbərdarlıq edən xidmətlərdən məlumat var idi. Əvvəlcədən Rusiya təhlükəsizlik xidməti bizə bu məlumatı verdi, lakin onlar (Qərb ölkələrinin nümayəndələri) bizi dezinformasiya yaymaqda ittiham etdilər və bildirdilər ki, bunların hamısı cəfəngiyyatdır. Onlar güldülər və Prezidentin (Aleksandr Vuçiç-red.) dediyi kimi, bəziləri bunu ciddi qəbul etdi, bəziləri kömək etmək istədi, bir çoxları isə bunu bildi, lakin kömək etmək istəmədi”.

Baş nazir ölkənin hara getdiyinə xalqın qərar verəcəyini vurğulayıb. Brnabiç “Serbiyada yeni Maydan olmayacaq”, - deyə bildirib.

Bundan öncə isə Prezident Vuçiç kifayət qədər həyəcanlı bəyanatla çıxış edib: "Serbiya xüsusi xidmət orqanları iğtişaşların hazırlanması barədə əvvəlcədən məlumat alıblar. Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir. Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Dinc reaksiya ilə biz təsadüfi nümayişçilərin heç birini incitməməyə çalışırıq ”.

Prezidentin dönə-dönə “inqilab” sözünü təkrarlaması vəziyyətin doğrudan da ciddi olduğundan xəbər verir. Serbiyanın Avropa İttifaqının üzvü olmadığı, lakin uzun illərdir bu quruma can atdığı məlumdur. Bununla yanaşı, mentalitetinin böyük hissəsi rusiyapərəst olan, Moskva ilə sıx əməkdaşlığı davam etdirən Serbiya indiki durumu ilə Qərb üçün məqbul tərəfdaş deyil. Ona görə də bir çox müşahidəçilər Beqradda baş qaldıran etirazların Qərbin Rusiya ilə apardığı hibrid müharibənin tərkib hissəsi olduğunu qeyd edirlər.

Ancaq bir məsələ də var ki, sosial sifariş, yəni, xalqın hansısa hissəsinin haqlı narazılığı, etirazı olmadan belə aksiyaları təşkil etmək mümkün deyil. Deməli, bu etirazların müəyyən real, obyektiv əsasları var. Odur ki, görünür, Rusiyadan bir çox cəhətlərinə görə fərqlənən və daha çox Avropa ölkəsi olan Serbiyanın qətiyyən “diktatura”, yaxud “avtoritar rejim” kimi xarakterizə olunmayan indiki hakimiyyətin bu etirazları sadəcə, güc yolu ilə boğacağını və bununla da “canını qurtaracağını” düşünmək doğru olmazdı...

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Mubariz 2023-12-25 14:25:11

Rusya ilə münasibətdə olan ölkələr ( Macarıstan Serbiya ) Aİ -nın ağır iqtisadi sanksiyası ilə üzləşəcək və xalqın özü onları hakimyətdən getməyə məcbur edəcəklər ,Bizlər bu gedişatdan dərs çıxarmalıyıq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol