Əgər Ukraynanın Qərb tərəfdaşları Ukrayna Silahlı Qüvvələrinə daha çox uzaqmənzilli raketlər ötürmək qərarına gəlsəydilər, rus işğalçıları ilhaq edilmiş Krımdan mülki infrastruktura hücum etmək üçün istifadə edə bilməzdilər.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general Ben Hoces özünün X (Twitter) səhifəsində yazıb.

Tanınmış amerikalı general hesab edir ki, Krımı hərbi baza kimi Rusiya ordusu üçün yararsız hala gətirmək mümkündür: "Ukraynada daha yüz ATACMS, TAURUS, “Storm Shadow” və ya SCALP olsaydı, Krım Rusiya üçün yararsız bazaya çevrilərdi... Orada nə hərbi dəniz donanması, nə hərbi hava qüvvələri, nə Kerç körpüsü, nə də oradan mülki obyektlərə PUA hücumu qalardı...”

Bundan öncə isə Hoces bildirib ki, bütün Qərb müttəfiqləri, o cümlədən ABŞ Ukraynanın qalib gəlməsini istədiklərini açıq şəkildə bəyan etməlidirlər, çünki bu, hərbi yardımın artırılması üçün güclü ilkin şərtlər yaradacaq.

Xatırladaq ki, bu gün səhərə yaxın Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krımın Feodosiya limanında böyük "Novoçerkassk" desant gəmisini məhv edib. Rusiya tərəfi də bu məlumatı artıq təsdiqləyib və iddia edib ki, dərhal Ukraynanın gəmiyə hücum etmiş iki Su-24 təyyarəsini vurublar. Ukrayna bu xəbəri təsdiqləmir.

“AzPolitika.info”