Rusiyanın Qara dənizdəki donanmasının 20%-i artıq məhv edilib.
«AzPolitika.info» xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov «Amerikanın Səsi»nə bildirib.
“Əlbəttə, ərazilərimizin azad edilməsi üçün vəziyyətin daha yaxşı olmasını istərdik. Amma bu prosesə paralel olaraq Qara dənizdə çox böyük və mühüm hadisələr baş verdi. Bu vəziyyətə gəldikdə, Rusiya Federasiyası donanmasının 20% -i artıq yoxdur.
Bu gün (dekabrın 26-da – red.) gecə baş verənlər isə bizim hərbçilərin Krım məsələsini başa düşdüyünün əyani təsdiqidir. Digər ərazilərimiz kimi, Krım bizim üçün son dərəcə vacibdir”, — deyə Danilov qeyd edib.
Dekabrın 26-da səhər saat 3 radələrində işğal olunmuş Krımın Feodosiya bölgəsində partlayışlar baş verib. Bildirilib ki, İran istehsallı döyüş sursatı daşıdığı iddia edilən gəmi partladılıb və limanda yanğın başlayıb. Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşşuk təsdiqləyib ki, ukraynalı müdafiəçilər işğal olunmuş Feodosiyada Rusiyanın iri desant gəmisi “Novoçerkassk”ı partladıblar.
Sonradan məlum olub ki, “Novoçerkassk” desant gəmisi Hərbi Hava Qüvvələrinin taktiki aviasiyasının qanadlı raketləri ilə məhv edilib.
Rüfət
AzPolitika.info


Şərhlər