Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsində azğınlaşdıqca, Qərbin və Ukraynanın Rusiya ilə danışıqlarla bağlı mövqeyi də sərtləşir.

Rusiyanın son kütləvi raket hücumundan və bunun nəticəsi olaraq ən azı 39 dinc sakinin ölümündən, xeyli mülki infrastruktur obyektlərinə ziyan vurulduqdan sonra ABŞ Prezidenti Co Bayden xüsusi bəyanatla çıxış edib. Bayden ilk dəfə ABŞ-nin Avropadakı savaşa birbaşa müdaxiləsi riskinin artdığını söyləyib: "Putin dayandırılmalıdır. Avropada diktatorların və avtokratların tüğyan etməsinə icazə verildikdə, Birləşmiş Ştatların birbaşa işə qarışması riski artır”.

“AzPolitika.info” xəbər verir ki, Baydendən sonra Ukrayna Prezident Ofisi də sərt bəyanatla çıxış edib. Belə ki, Prezident Ofisinin sözçüsü Mixail Podolyak Rusiya ilə heç bir danışıq aparılmayacağını, ona qarşı yalnız ultimatumlar irəli sürüləcəyini deyib. Onun sözlərinə görə, Rusiyaya ən yüksək səviyyədə ultimatum tələbləri irəli sürüləcək və Moskva da onları qəbul edəcək.

Podolyak Avropa İttifaqının və ABŞ-nin Ukraynaya yardımını davam etdirəcəyinə inandığını bildirib və qeyd edib ki, artıq Qərbdə bəzi liderlərin davranışında və Ukraynaya münasibətində böyük transformasiya baş verib.

“AzPolitika.info”