Menu

“KÜTLƏVİ TƏDBİRLƏRDƏN İMTİNA EDİN...” – “Hər birimiz son dərəcə ayıq-sayıq olmalıyıq”

04.01.2024, 12:36
“KÜTLƏVİ TƏDBİRLƏRDƏN İMTİNA EDİN...” – “Hər birimiz son dərəcə ayıq-sayıq olmalıyıq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, İranda Süleymaninin anım mərasimində baş vermiş terror hadisəsi barədə fikirləriniz necədir?

- Siyasi motivlərlə günahsız insanların öldürülməsi insan vəhşiliyinin son həddidir. Terror qurbanlarının yaxınlarına başsağlığı verirəm, yaralılara şəfa diləyirəm. Bu acımasız qanlı cinayətin motivini daxildəki ziddiyətlər də təşkil edə bilər, İranın düşmən olduğu xarici dövlətlərin xüsusi xidmət orqanları da törədə bilər. Amma kimin hansı motivlə törətməsindən asılı olmayaraq, Allah onların cəzasını verəcək. Təəssüf ki, bu gün hətta dünyanın demokratik, inkişaf etmiş ölkələri belə siyasi məqsədlərlə terrordan, terror təşkilatlarından istifadə edirlər. Türkiyəyə qarşı terror aktları törədən PKK-nın onun NATO üzrə “müttəfiqi” ABŞ tərəfindən dəstəklənməsi gözümüzün önündə baş verir. O cümlədən, İran da zaman-zaman terrora əl atır. Azərbaycan səfirliyinə və deputat Fazil Mustafaya qarşı törədilən son terror aktları bunun əyani sübutudur.

- İran narkotik maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərilməsində də ittiham olunur. Bu məsələyə də münasibət bildirmənizi istərdik.

- Bu da acı bir həqiqətdir. Amma ədalət naminə onu da söyləyək ki, ölkəmizə İrandan daxil olan səviyyədə olmasa da, Avropadan, Türkiyədən, dünyanın müxtəlif ölkələrindən narkotik maddələr gətirilir. Təəssüf ki, narkotik maddələrin yayılmasının qarşısını almaq, bu bəlanın kökünü kəsmək dünyanın heç bir ölkəsinə müyəssər olmayıb, o cümlədən Azərbaycana. Mən əvvəllər də demişəm, narkotiklərin yayılması ilə bağlı həyəcanlı çıxışlar heç də həmişə xoş niyyətlə edilmir. Məsələn, narkotiklərin yayılması ilə məşğul olanlar vətəndaşları qorxudub polisə müraciətdən çəkindirək üçün belə bir məlumat yayırlar ki, polisin bu işdə əli var. Bilirlər ki, geniş ictimai dəstək olmadan bu bəlaya qarşı effektli mübarizə aparmaq mümkünsüzdür. Bəziləri DİN-i gözdən salmaq üçün sifarişlə belə bir kampaniya aparır və s. Azərbaycanda dövlət orqanları narkotiklərin qarşısını almaq üçün bacardıqlarını edirlər, çünki buna qarşı mübarizə aparmalı olan vəzifəli şəxslərin də övladları, əzizləri bu bəlanın qurbanı ola bilər. Gənclərimizi, millətimizin genefondunu xilas etmək üçün narkotiklərə qarşı mübarizə işi daim təkmilləşdirilməli, gənclərin təhsilinə, işlə təmin olunmasına xüsusi diqqət yetirilməli, maarifçilik işi gücləndirilməlidir. Bununla bütün dövlət orqanları, hər kəs məşğul olmalıdır. İranla, terrorçuluğa son qoyulması, narkotiklərin ölkəmizə ötürülməsi, dini ekstremizmin yayılması kimi məsələlər dövlət başçıları səviyyəsində müzakirə olunub həllini tapmalıdır.

- Qayıdaq terror məsələsinə. Azərbaycanda da bu miqyasda terror aktları törədilə bilərmi?

- Bu gün DİN, xüsusi xidmət orqanları ölkədə kriminogen duruma tam nəzarət edir, sabitliyi, əmin-amanlığı, dövlətin təhlükəsizliyini tam təmin edirlər. Amma belə hadisələrdən tam sığortalanmaq mümkün deyil. Ölkəmizdə prezident seçkiləri kampaniyası başlanıb, istisnasız olaraq böyük qonşularımızın hamısı, Rusiya və İran müharibə və münaqişələrin, Türkiyə terrorla mübarizənin aktiv iştirakçısıdır. Ermənistanla sülh sazişi imzalanmayıb, müharibə vəziyyətindəyik. Ona görə hər birimiz son dərəcə ayıq-sayıq olmalıyıq. Xüsusilə, kütləvi siyasi tədbirlərin keçirilməsi təhlükəlidir. Ona görə ki, adətən kütləvi siyasi tədbirlər bu cür terror aktlarının hədəfi olur. Bütün bunları nəzərə alaraq namizədlərə səslənirəm ki, təbliğat kampaniyası zamanı açıq havada kütləvi tədbirlərin təşkilindən imtina etsinlər. MSK isə bunun qarşılığında namizədlərə daha çox efir vaxtı ayırsın.

xalqcebhesi.az

Şərhlər

Cəlal 2024-01-04 22:03:47

Belə sərsəm yazılar kimə və nəyə xidmət edir?Əgər Qüdrət Həsənquliyevin sözlərində əsas varsa o zaman ilk olaraq seçkilər ləğv olunmalıdır.Çünki məntəqələr əsl toplanış yerləridir. Yox,əsas yoxdursa onda bu yazının mənası nədir?

BAKILI 2024-01-04 21:29:38

Gunah sende deyil...

Oxucu. 2024-01-04 19:22:48

Cavablamırsan olmur,bəs güc nazirlikləri dövlət budcəsindən kifayət qədər aldığı vəsaitlər hara gedir? birinci bura İran qarışıq dövləti deyil yuxudan kim tez durub,tumanını geyinib,başına əmamədir nədir bilmirəm taxandan sonra ağzına gələn bəyanətlər versin.Millətlə Prezident bir olaraq Qarabağı işğaldan azad edib,güc nazirləridə ölkənin daxili və xarici təhlükəsizliyini tam təmin etməlidirlər və tam əminəmki bu belədə olacaq.

Köbne 2024-01-04 16:33:59

Deyir birden mitinq eleyersiz.......

Mubariz 2024-01-04 15:28:03

Zatən bir yerə yığışmaq qadağandır, deyirsən seçkilər təxirə salınsın? Belədirsə imtina edin ,zatən 0,5 faiz səs yazacaq Məzi .İnsanların ən çox toplaşdığı yer hava limanıdır ,oranıda qapasınlar ? Hər gün müxtəlif ölkələrdə terror olur ,onda gərək həyat dayansın .Bu deputatlar öz işlərindən başqa hər işə qarışırlar

Qüdrət-ə 2024-01-04 13:27:47

Bu üzvləri,işi,fəaliyyəti bəlli olmayan partiyanın adı dyişdirilmişdi.Bəs nə oldu?Yenə köhnə ad yazılır?

Nizaməddin 2024-01-04 13:21:10

O zaman kino-teatrlar,şadlıq sarayları,gecə klubları,yığıncaqlar ,seçki məntəqələri,seçki təbliğatı rəsmi olaraq qadağan edilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol