Avropa Şurasının rəhbəri Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edərək Avropa Parlamentinə seçkilərdə iştirak edəcək. Çünki Avropa Şurasının rəhbəri ilə parlament üzvünün vəzifələri eyni vaxtda icra oluna bilməz.
Mətbuata açıqlama verən Mişel qeyd edib ki, onun varisinin adı iyunun sonu və ya iyulun əvvəlində açıqlana bilər.
Avropa Şurasının rəhbəri seçkilərdə liberal Belçika İslahat Hərəkatı partiyasından qatılacaq. O, 2011-2019-cu illərdə bu partiyaya rəhbərlik edib.
Mişel iyulun 16-da Avropa Parlamentinin üzvü kimi and içənə qədər hazırkı vəzifələrini icra edəcək. Əgər o vaxta qədər varis müəyyən edilməzsə, o zaman Avropa Şurasının rəhbəri səlahiyyətlərini Macarıstanın nümayəndəsi icra edəcək, çünki həmin vaxt bu ölkə Aİ Şurasına sədrlik edəcək.
Şarl Mişelin 48 yaşı var. O, Belçika vətəndaşıdır, 2019-cu ildə Donald Tusku əvəzləyərək Avropa Şurasının rəhbəri vəzifəsinə seçilib. Bundan əvvəl siyasətçi Belçikanın baş naziri vəzifəsində çalışıb və ölkənin ən gənc hökumət başçısı olub.
Mişelin səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır. Avropa Parlamentinə seçkilər isə iyunun əvvəlinə təyin edilib. Avropa Şurasının rəhbəri səlahiyyətlərinin iki dəfə eyni müddətə uzadılması imkanı ilə iki il yarım müddətinə təyin edilir.
“AzPolitika.info”


Şərhlər