“İlin sonunadək Ermənistanda qiymətlər kəskin qalxacaq, çünki bu gün çox böyük miqyasda hadisələr baş verir”. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, Ermənistan İxracatçılar İttifaqının sədri Raffi Mkrtçyan bu qənaətdədir.
Onun sözlərinə görə, belə vəziyyət insanlarda təlaş yaradır və onlar əllərindəki kiçik məbləğləri də dollara çevirmək istəyirlər. “Təlaş isə dollar qıtlığı yaradır”. İş adamının fikrincə, Mərkəzi Bank bu prosesi ləngitmək üçün bütün variantları sınaqdan çıxarmalıdır: “Çünki xalq belə zərbəyə dözə bilməz”.
Qurum rəhbəri mövcud vəziyyəti əsasən iki amillə - Rusiyaya qarşı sanksiyalar və Ermənistandakı ağır iqtisadi durumla əlaqələndirib: “Hələ 6-7 ay öncə beynəlxalq miqyasda tanınmış bir iqtisadçı Ermənistan Mərkəzi Bankının dərc elədiyi göstəricilərin analiz edərək mənə demişdi ki, ilin sonunadək dram dəyərdən düşəcək. Bu gün mən onun söylədiyini öz gözlərimlə görürəm”.


Şərhlər