DEPUTAT NAZİRİ TƏNQİD ETDİ - "Belə bir açıqlamanın verilməsi qəbuledilən deyil"

"Belə bir fikir söyləmək üçün insan ya auditoriyadakı vəziyyətdən xəbərsiz olmalıdır, ya da..."

Elm və təhsil naziri Emin Əmrullayev verdiyi son açıqlamalarla yenə də ictimaiyyətin diqqətini özünə cəlb etməyi bacarıb. Amma bu dəfə də mənfi mənada. 

Belə ki, nazir “İctimai TV"-yə müsahibəsində “Ən yaxşı təhsil sistemi Sinqapurdadır. Orada bir sinifdə standart olaraq 40 şagird təhsil alır. Keyfiyyəti, hazırlığı yerində olan müəllim hazırlığı yerində olmayan müəllimin 6 uşaqla göstərdiyindən daha yaxşı nəticəni 40 uşaqla göstərir. Bizim təhsil sistemimizin sıxlıq problemi yoxdur. Sıxlıq yalnız bir neçə məktəbdə var" fkirlərini səsləndirib. 

Əmrullayev buunla da kifayətlənməyib, sinifdə daha çox şagirdin oxumasının təhsil prosesinə mənfi təsir göstərməsini mif adlandırıb. Nazirin bu fikirləri ictimai narazılığa səbəb olub, tənqidlərin ardı-arası kəsilmir. Bildirilir ki, 10-20 nəfərlə keçirilən dərslərin keyfiyyəti yoxdur, 40 nəfərlə necə ola bilər?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "pravda.az"-a açıqlamasında nazirin fikirlərinə  belə münasibət bildirib:  “Biz elm və təhsil nazirinin məktəblərdə sıxlığın aradan qaldırılması ilə bağlı məsələyə daha əsaslı formada yanaşmasını gözləyirdik. Mən parlamentdə də məsələni qaldırmışdım ki, bu gün xüsusilə Bakıdakı məktəblərdə çox ciddi sıxlıq var. Sıxlıq özünü Bakı kəndlərində və bəzi rayonlarda da ciddi şəkildə göstərir. Elm və Təhsil Nazirliyi problemdən çıxış yolu axtarmaq əvəzinə, Azərbaycan xalqını bu məsələ ilə barışmağa çağırır, sıxlığın normal olduğunu söyləyir.

Belə bir fikir söyləmək üçün insan ya auditoriyadakı vəziyyətdən xəbərsiz olmalıdır, ya da bu, bilərəkdən real vəziyyəti təhrif etmək məqsədi daşıyır. Məktəblərdəki bu problemi bilmək üçün xüsusi bacarığa, istedada malik olmaq lazım deyil. Mən bu gün universitetdə müəllim işləyirəm, auditoriyada dərs deyirəm, hər il tələbələrin sayı dəyişir. Açıq-aydın görürəm ki, 10, 20, 30, hətta 5 nəfərlə dərs demək nə qədər fərqlidir. 

Bu məsələdə dünya standartları, eyni zamanda Azərbaycan reallığı var. Azərbaycan reallığında bir sinifdə 40 tələbənin olması dərslərin keyfiyyətinə çox ciddi təsir göstərir. Burada sadə məntiq var. Məsələn, evə tapşırıq vermisiniz, yaxud mühazirə keçmisiniz, tələbələrdən dərs soruşursunuz. Bir var ki, 45 və ya 90 dəqiqə ərzində siz 10 tələbəyə vaxt ayırırsınız, onlardan dərs soruşursunuz, bir də var ki, 40 tələbədən. Bu, həm dərsin keyfiyyətinə ciddi təsir edir, həm də birmənalı olaraq 40 nəfərlik auditoriyanı idarə etmək daha çətindir, xüsusilə, indiki vəziyyətdə. Sözün açığı, belə bir açıqlamanın verilməsi qəbuledilən deyil. 

Təhsil ictimaiyyətinin də tənqidi reaksiya verməsi təbiidir. Çünki nazir Emin Əmrullayevin açıqlaması real vəziyyətlə uyğun gəlmir. Təkrar edirəm, bu fikri o insan söyləyə bilər ki, ömründə bir dəfə auditoriyaya girməsin, tələbələrə dərs keçməsin. Davamlı olaraq auditoriyaya girən bir şəxs kimi bu məsələnin çətinliyini çox yaxşı bilirəm və anlayıram. 

Hesab edirəm, bu kimi açıqlamalar verilərkən çox ehtiyatlı və diqqətli olmaq lazımdır. İnsanları bu vəziyyətlə barışmağa yox, mərkəzi icra hakimiyyəti kimi aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalıyıq ki, məktəblərdəki sıxlıq aradan qaldırılsın. Sıxlığın həlli yolu ondan keçir ki, yeni məktəblər tikilsin, yaxud hər bir şagird öz bölgəsindəki məktəbdə təhsil alsın. Belə məsələlərin cəmiyyətə açıq-aydın ötürülməsi stereotiplərin qırılması deyil, əslində, Azərbaycan təhsilinə yanaşmanın düzgün və sağlam olmamasının göstəricisidir”. 

635x100

Şərhlər

Səməndər 2024-01-14 12:05:47

Niyə Azərbaycan bu hala gətirildi? Nə deputatı,nə aziri,nə icra başçıları yerlərinə münasib şəxslər olmur. Hamısının məqsədi yalan danışmaq,rüşvət,qapazlama,oğurluq.Amma sahələr dağılmış vəziyyətdə.Ehtimal olunur ki, bunlar yüksk məbləğdə rüşvət verib təyin olunur və ona görə verdiklərini geri qaytarmaq və daha da varanmaq yolu tutduqlarından belə olur.Bəs yuxarıdan bu məsələ necə görünür?

Senan 2024-01-09 07:33:56

Səriştəsiz,təcrūbəsiz kadrlar tapıb gətirirsiniz iş başına qoyursunuz sonra da gah tənqid edirsiniz gah da kūncdə bucaqda söyūrsūnūz bu nə forma idarəetmədi?

Fərid 2024-01-09 06:44:37

Dünyada ən yaxşı təhsil azərbaycandadı.maşallah olsun.göz dəyməsin.

RR 2024-01-09 05:13:15

Hamsi beledidaaa)

Vəli 2024-01-09 01:38:54

Dəfələrlə fikrimi bildirmişəm: Bu nazir hər ağzını açanda onun bu sahəyə nə qədər nabələd olduğunu özü ortaya qoyur. Dərin düşüncə ortaya qoymaq təşəbbüsü də hər dəfə onu axmaq yerinə qoyur. Onsuz da necə işləsə də onun yalnız vaxtı gələndə çıxaracaqlar. Odur ki, heç olmasa ağzını yumub həm özünü həm hökuməti rüsvay eləməsin. Zalım oğlu işləyə bilmirsən barı sus də, danışma...

Elşən 2024-01-08 22:35:44

Bəli düz deyir Ceyhun müəllim, təhsil naziri elə danışır ki elə bil ki bazardan gətirib təhsil naziri qoyublar ya da ki bu xalqa düşməndi istəmir xalq, gənclər ali təhsilli olsun .Bu nazir 20 nəfərlə 40 nəfərə dərs deməyin fərqini görmürsə buna daha nə desək azdı

Mühəndis 2024-01-08 20:39:13

Azərbaycanda elə bir uyğun ixtisaslı,sahə üzrə təcrübəli,savadlı, bir nazir,Komitə sədri göstərə bilərsinizmi? Niyə ölkədə kadr təyinatları belə uyğunsuz baş verir.Niyə ölkənin inkişafı yox.tənəzzülünə yönəlik siyasət yeridilir.Azərbaycanda təhsil,səhiyyə,sənaye,xidmət bu vəziyyətə niyə salınıb?

Yaşar Cəfərov 2024-01-08 17:56:23

Repetitorlar öz fəaliyyətində hər bir qrupa 10 və ya 15 nəfərdən artıq götümürlər. Çünki onlar son nəticə və təhsilin keyfiyyətinə istiqamətləniblər. Təhsil naziri isə məsələni, yəni sıxlığın aradan götürülməsi əvəzinə, sinqapur modelini nümunə gətirir. Bu problemin həll yolu deyil, məşhur bir deyim kimi, yola ver getsin deməkdir. Həmişə həmişə məsəlnin tam həlli əvəzinə özlərinə uyğun nümunələri misal gətirirlər. Sinqapur modelini digər çox mənfi təsirləri də var. İnternetdə bu barədə çox məlumat var.

Camal 2024-01-08 16:14:04

Hər zaman dəqiq, ibrətamiz fikirlər səsləndirən Ceyhun Məmmədov Elm və təhsil naziri təyin edilsə, yaxşı olar.

Son yazılar