Rusiyalı müxalif siyasətçi, keçmiş milyarder Mixail Xodorkovskiyə yeni cinayət işi açılıb.
“AzPolitika.info” xəbər verir ki, o, ordu haqqında məqaləyə görə yenidən axtarışa verilib.
Əvvəllər Xodorkovski 2015-ci ildə Nefteyuqanskın meri Vladimir Petuxovun qətli ilə bağlı açılmış cinayət işi ilə bağlı axtarışda idi. Rusiya mətbuatı yazır ki, Xodorkovskinin bu axtarış kartı hazırda Daxili İşlər Nazirliyinin məlumat bazasından silinib.
“Verstka” nəşri İstintaq Komitəsinin qapalı hesabatının məlumat arayışına istinadən yazır ki, 2023-cü ilin sentyabrında Xodorkovskiyə qarşı saxtakarlıq maddəsi ilə cinayət işi açılıb. Kreml bu maddədən adətən müharibə əleyhdarı fəalları və müxalifətçiləri təqib etmək üçün istifadə edir.
Cinayət işinin açılmasına səbəb Xodorkovskinin hazırda bloklanan X sosial şəbəkəsində maliyyə nazirinin müavini İrina Okladnikovanın Baş nazirin müavini Dmitri Qriqorenkoya göndərdiyi iddia edilən sənədin fotoşəkilinin yer aldığı yazısı olub. Sənəddə bildirilirdi ki, 2022-ci il avqustun ortalarına qədər Ukraynadakı müharibədə 48 759 rus əsgəri həlak olub.
"Rusiya Maliyyə Nazirliyinin sızdırılmış məktubunda deyilir ki, avqustun 28-nə olan məlumata görə, həlak olanların ailələrinə 361,4 milyard rubl ödənilib. Hər bir ölən əsgərə 7,4 milyon rubl düşür ki, bu da ümumilikdə 48 759 nəfərin öldüyünü təsdiqləyir. Qeyd olunur ki, bu siyahıda qondarma “DXR” və “LPR”-dən cəlb olunan hərbi qulluqçular nəzərə alınmır”, -
Xodorkovski fotoya şərh verib.
Dekabrda Xodorkovski sosial şəbəkələrdə qondarma xarici agentlər siyahısına daxil edilməsini qeyd etmədiyi üçün 50 min rubl cərimələnib.
“AzPolitika.info”


Şərhlər