2022-ci il fevralın 24-dən etibarən Ukraynaya qarşı davam edən işğalçı müharibə Rusiya iqtisadiyyatına necə təsir edib? 2023-cü ilin yekunları nədən ibarətdir? Beynəlxalq sanksiyalar, müharibə xərcləri 2024-cü ildə Rusiya iqtisadiyyatına nələr vəd edir?

İqtisadçı, Harvard Universitetində Davis Mərkəzinin tədqiqatçısı Andrey Yakovlev Rusiya mətbuatına müsahibəsində bu və ya digər suallara cavab verib.

“AzPolitika.info” müsahibəni ixtisarla oxuculara təqdim edir:

- 2023-cü ilin ilkin nəticələrini, məsələn, dövlət büdcəsinin icrası baxımından necə görürsünüz? Doğrudanmı, Milli Rifah Fondunun yarısı xərclənib, hərbi xərclər yüz milyard dolları, deyəsən, büdcə xərclərinin üçdə birini keçib?

- Elan edilən rəqəmlərə inanmamaq üçün heç bir əsasım yoxdur. İlin nəticələri əslində ilin əvvəlində gözləniləndən daha yaxşıdır. Çünki 2023-cü ilin əvvəlində xeyli böyük büdcə kəsirindən söhbət gedirdi və bu, təsdiq edilmiş büdcədə qeyd olunub. Əslində buna uyğun dinamika var idi. İlin ikinci yarısında Maliyyə Nazirliyi və hökumət yığılmış kəsiri azaltmağa və ilkin büdcədə nəzərdə tutulandan az olan rəqəmlərə çatmağa nail oldu. Sizin qeyd etdiyiniz məlumatlar hərbi iqtisadiyyata aiddidr. Məncə, bu, əlbəttə doğrudur, yəni doğrudan da təkcə hərbi sənaye kompleksinə deyil, ümumilikdə iqtisadiyyata çox böyük dövlət investisiyaları edilib. 2023-cü ilin, eləcə də 2022-ci ilin əsas özəlliyi odur ki, bu günə qədər Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq sanksiyalar faktiki olaraq büdcə gəlirlərinin azalmasına gətirib çıxarmayıb. Ona görə də hökumət təkcə orduya və təhlükəsizliyə deyil, həm infrastrukturun maliyyələşdirilməsi, həm də təhsil, səhiyyə, sosial ehtiyaclar üçün xərclər baxımından bütün elan edilmiş proqramlara pul xərcləyə bildi. Bu, qismən 2022-ci ildəki vəziyyətin nəticəsidir, o zaman neftin qiymətinin xeyli yüksək olması səbəbindən enerji ixracından artıq gəlirlər gəldi. Yalnız 2022-ci ilin sonunda enerji gəlirlərini məhdudlaşdırmaq məqsədi daşıyan real sanksiyalar qəbul edildi. Əslində, bu faktor pulun iqtisadiyyata, ilk növbədə, hərbi sənaye kompleksi vasitəsilə və müharibəyə səfərbər olunanların ailələrinə ödəmələr yolu ilə daxil olmasında rol oynadı. Nəticə etibarə ilə təkcə müdafiə sahəsində deyil, həm də iqtisadiyyatın mülki sektorlarında əmək haqlarının artırılmasına özünəməxsus təsir göstərdi. Başa düşmək lazımdır ki, Rusiya əmək bazarında kadr çatışmazlığı 2000-ci illərin ortalarından bəri qeydə alınır və müəssisə rəhbərləri bundan müntəzəm olaraq şikayətlənirdilər. Amma əslində, iki onillikdə işçilər üçün qiymət rəqabətindən imtina ilə bağlı müəssisələr arasında bir növ açıqlanmayan qeyri-rəsmi müqavilə mövcud idi. Sahibkarlar hesab edirdilər ki, əmək haqqının artırılması öz mənfəətlərindən əlavə xərcləmələr etmək deməkdir.

2022-ci ilin səfərbərliyi fonunda bir neçə yüz min insanın mühacirətə getməsi, müqaviləli hərbi xidmətə çağırış, xüsusilə, hərbi sənayedə iki-iki yarım dəfə əməkhaqqı artımına səbəb oldu. Bu ona gətirib çıxardı ki, mülki sənaye sahələrində də maaşlar artmağa başladı, çünki əks halda müəssisələr dayanma riski ilə üzləşirdilər, çünki onların işçiləri hərbi fabriklər tərəfindən aparılırdı. Ona görə də məcbur olub əmək haqqını artırmalı oldular. Maaşların yüksək artımı da faktiki olaraq iqtisadi dinamikada müsbət amilə çevrildi, daxili tələb 2022-ci ildən fərqli olaraq canlandı, məsələn, qida sənayesi, tikinti, ictimai iaşə, turizm və başqa sahələr bilavasitə hərbi-sənaye kompleksinə gedən və səfərbər olunanlara verilən büdcə pulları ilə əlavə dəstək aldılar. 2023-cü ildə vəziyyət belədir, 2024-cü ildə də davam edəcəyi əsaslı deyil.

- Mənzərə ondan ibarətdir ki, Asiyaya neft ixracından büdcəyə daxil olan xarici valyuta gəlirləri kifayət qədər yüksəkdir, neftin qiymətləri də Moskva üçün məqbul görünür və ticarət balansı müsbətdir. Bu o deməkdirmi ki, həqiqətən də Vladimir Putinin hərbi siyasətinin davam etdirilməsi və sistemin sabitliyi ilə bağlı heç bir problem yoxdur?

- Əslində, indi nisbətən sabit görünən vəziyyətə baxmayaraq, mən gələcəyə daha çox şübhə ilə yanaşardım. Problem ondadır ki, birincisi, hətta 2024-cü il üçün gözlənilən gəlirlər belə, hökumətin valyuta sabitliyinə nail olması üçün əsas deyil. Həm hərbi xərcləri, həm də seçkilərlə bağlı sosial xərcləri maliyyələşdirməyə çalışacaqlar - bu başa düşüləndir, amma baxır, nəyin hesabına. 2024-cü il onunla fərqlənir ki, Milli Rifah Fondunda hələ də pul var. Ona görə də gəlir çatışmazlığı olsa da, hökumət hələ də əlavə resurslar cəlb etmək imkanındadır. Məsələn, rublun devalvasiyası şəklində mümkün alətlər var. Əslində, 2023-cü ildə nəzərəçarpacaq dərəcədə devalvasiya baş verdi ki, bu da yayda qiymətlərin kifayət qədər artmasına səbəb oldu. Sonra həm devalvasiya, həm də qiymətlərin cilovlanması baxımından bu prosesi ləngitməyə çalışdılar, düşünürəm ki, seçkilərə qədər bunu davam etdirəcəklər. Amma ondan sonra yüksək ehtimal var ki, hökumət rublu sərbəst buraxmağa məcbur olacaq. Hesab edirəm ki, 2024-cü ildə bir dollar üçün 120, 130 və ya hətta 150 rubl tamamilə mümkün rəqəmlərdir. Anlamaq lazımdır ki, Rusiya iqtisadiyyatı, suverenlik haqqında nağıllara baxmayaraq, dünya bazarından daha çox asılı vəziyyətə düşüb.

Sadəcə olaraq, əvvəllər bizim həm Qərblə, həm də Şərqlə iqtisadi əlaqələrimiz var idi və lazım gələrsə, onları balanslaşdırmaq mümkün idi. Amma indi problem ondan ibarətdir ki, əlaqələr əsasən Çin, qismən də Hindistan və Türkiyə üzərində cəmləşib. Bu situasiyada problem təkcə neft qiymətləri ilə bağlı deyil. Bir neçə ildir ki, ABŞ-da proqnozlaşdırılan qlobal iqtisadi tənəzzül indi mümkündür, Bu, yalnız Birləşmiş Ştatların daxili məsələsi deyil, əslində Çin məsələsidir. Çünki Çinin daxili vəziyyəti olduqca qeyri-müəyyən və qeyri-sabitdir. Si Cinpin dövründə Çin iqtisadiyyatının vəziyyəti daha da pisləşdi.

- Rusiya indi Çindən çox asılıdır...

- Əslində, hər mənada suverenliklə bağlı bütün deyilənlərə baxmayaraq, əslində Rusiya indi Çindən çox asılı vəziyyətə düşüb. Məsələn, Çində iqtisadi dinamikanın dəyişməsi və Çinin Rusiyadan xammal daxil olmaqla istənilən növ idxala tələbinin azalması ölkənin büdcə gəlirlərinə böyük təsir göstərə bilər.

- Rusiyanın müharibə üçün kifayət qədər pulu yoxdursa, ilk növbədə nə kəsiləcək - sosial proqramlar, mənzil-kommunal xidmətlərə ayırmalar, yoxsa, tibb xərcləri? İndi mülki sektora və ya zəif regionlara çəkilən xərclərdə nəzərəçarpacaq azalma varmı?

- 2022 və 2023-cü illərdə vəziyyətin özəlliyi ondan ibarət idi ki, hökumətin həm hərbi xərclərin xeyli artırılmasına, həm də bütün digər öhdəliklərin maliyyələşdirilməsinə kifayət qədər pulu var idi. Bu, həm də sanksiyaların ziddiyyətli dizaynı ilə bağlı unikal vəziyyət idi, çünki Kremlin 2022-ci ildə gəliri əvvəlkindən az deyil, nəzərəçarpacaq dərəcədə çox idi. Ancaq bu vəziyyət 2024-cü ildə mütləq şəkildə olmayacaq. Açığı, mən Kremlin müharibəni dayandırması üçün heç bir səbəb görmürəm. Çünki döyüş maşını, ordu və bütün təhlükəsizlik qüvvələri qızışıb, hərbi əməliyyatlar dayansa, onlarla nə etmək lazımdır? Bağışlayın, indi ayda 200 min alan adamı 70 min rubl maaşla tərxis edib evə göndərəcəklər? Mənə elə gəlir ki, 2024-cü ildə seçkilərdən sonra hərbi eskalasiyanın yeni səviyyəsi başlayacaq. Düşünürəm ki, böyük ehtimalla Qərb Ukraynaya yardımlarını davam etdirəcək. İndi bütün siyasi problemlər birtəhər həll olunacaq və qarşıdurma faktiki olaraq daha da şiddətlənəcək. Bu o deməkdir ki, indi büdcəyə daxil olan, əslində hökumətin nəzarət edə bilmədiyi hərbi xərclər həm 2022-ci il, həm də 2023-cü il səviyyəsindən yüksək olacaq. Büdcədə nə nəzərdə tutuldu, mən şəxsən bilirəm. Bununla belə 2024-cü ildə hərbi ehtiyaclara planlaşdırıldığından daha çox xərcləməyimiz üçün də heç bir zəmin görmürəm.

Rasim Əliyev

“AzPolitika.info”