Menu

"İsrailin Suriyaya zərbələri terrorizmlə mübarizəyə mane olur" - Türkiyənin XİN rəhbəri

13.09.2026, 18:04
"İsrailin Suriyaya zərbələri terrorizmlə mübarizəyə mane olur" - Türkiyənin XİN rəhbəri

İsrail Suriyaya zərbələr endirməklə terrorizmlə mübarizə imkanlarını zəiflədir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə danışıqlardan sonra bildirib.

"İsrailin siyasəti Suriyada müsbət irəliləyişə gedən yolda ən ciddi maneədir. Əbu-Duhur hərbi aviabazasına hücum bunun son nümunələrindən biridir. Suriyanın öz təhlükəsizliyini təmin etmək, terrorizmlə mübarizə aparmaq və potensialını inkişaf etdirmək suveren hüququ var. İsrailin hücumları beynəlxalq ictimaiyyətin terrorizmə qarşı birgə mübarizəsinə də zərər vurur. İsrail Suriyanın hərbi imkanlarına sistematik şəkildə zərbələr endirməklə İŞİD kimi terror təşkilatlarını dolayı yolla dəstəkləyir", - deyə Fidan bildirib.

O əlavə edib ki, Türkiyə Suriyanın cənubundakı hadisələri də diqqətlə izləyir: "Biz bilirik ki, İsrail orada da qeyri-sabitliyə cəlb olunub. Onlar bunu hətta gizlətmirlər. Druzlar Suriya cəmiyyətinin ayrılmaz hissəsidir və gələcəklərini Suriyanın birliyi və ərazi bütövlüyündə görürlər".

Onun sözlərinə görə, Suriyanın cənubunda İsraillə problemin uzunmüddətli həlli üçün yeganə real əsas 1974-cü il razılaşmalarına əsaslanan deeskalasiya tədbirlərini nəzərdə tutan təhlükəsizlik sazişidir.

"Biz beynəlxalq ictimaiyyətdən bu məsələdə daha qətiyyətli və effektiv mövqe gözləyirik. Beynəlxalq təşkilatlar, xüsusilə BMT, beynəlxalq hüququ pozan və Suriyanın suverenliyinə qəsd edən İsrailin əməllərinə qarşı imkanlarını daha effektiv səfərbər edə bilər", - deyə nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol