Ermənistan Müdafiə Nazirliyi bildirib ki, ötən gün saat 11:30 radələrində hərbi hissələrdən birinin döyüş mövqeyində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkarlanıb.

“AzPolitika.info” xəbər verir ki, bu, erməni ordusunda bir gün ərzində baş verən ikinci qətl hadisəsidir və bunlar hərbi hissələr daxilində baş verən, yəni, Azərbaycan ordusu ilə heç bir əlaqəsi omayan hadisələrdir.

Erməni mətbuatı yazır ki, evli və iki övlad atası olan Danielyan olduqca mədəni və intizamlı zabit kimi tanınıb. Onun “dedovşina” səbəbindən güllələnməsi mümkünsüz görünür.

Həmin gün Müdafiə Nazirliyi daha bir hərbçinin ölümü ilə bağlı məlumat yayıb. Məlumata görə, hərbi hissələrdən birinin döyüş mövqeyində hərbçi Karen Araikoviç Karapetyanın güllə yarası ilə meyiti tapılıb.

İstintaq Komitəsi Karen Karapetyana ölümcül güllə yarası vurmaqda şübhəli bilinən çağırışçı əsgərin saxlanıldığını açıqlayıb. Komitə qeyd edib ki, Karapetyanın ölümü ilə bağlı xəbər Müdafiə Nazirliyinin Vardenis Hərbi Polis İdarəsindən gəlib. Onun sözlərinə görə, Karapetyan hərbi hissənin qarovul məntəqəsində döyüş mövqeyində avtomatdan açılan atəşlə ölümcül yaralanıb.

Ermənistan ordusunda Moskvanın saysız-hesabsız agentlərinin olduğu, eləcə də ordunun komanda heyətinin böyük hissəsinin Rusiya xüsusi xidmətinin təsiri altında olduğu heç kimə sirr deyil. Hər bu cür hadisədən sonra Paşinyan hökuməti orduda təmizləmələr aparır və hərbi qulluqçuların qətlə yetirildiyi hərbi hissələrin rəhbərləri və onlardan da yüksək vəzifələrdə olan zabitlər məsuliyyətə cəlb olunur, ordudan uzaqlaşdırılır. Bu, Paşinyan hakimiyyətinin Rusiyanın ordu daxilində təxribatlar törətməsi və silahlı qüvvələri hakimiyyətə qarşı qaldırmaq istəməsindən şübhələndiyini göstərir.

Bu şübhələr kifayət qədər əsaslıdır. Belə ki, revanşist qüvvələr ordudakı təmizləmələrə kəskin etiraz edirlər. Məsələn, ötən gün baş verən qətllərdən sonra müxalifətdən olan qatı millətçi və revanşist deputat Tiqran Abramyan hökumətin bu cür qətllərə görə yüksək rütbəli zabitləri cəzalandırmasına etiraz edib.

O, “tələsik qərarları”, xüsusən də hərbi hissələrdə cavabdeh zabitlərin ordudan qovulmasını pisləyib: “Bir gündə iki hərbi qulluqçunun, indiki halda zabitlərin həlak olması təkcə onların ailələri üçün deyil, həm də silahlı qüvvələr üçün faciədir. Lakin hər bir halda araşdırma aparılmalı, səbəb-nəticə əlaqəsi aydınlaşdırılmalı və yalnız bundan sonra məsuliyyət dərəcəsinə əsaslanan proseslər aparılmalıdır”.

Hər halda, bir gündə iki zabitin qətlə yetirilməsi təsadüfə bənzəmir. Rusiyanın erməni cəmiyyətini Paşinyan hakimiyyətinə qarşı qaldıraraq, özünün qulbeçələrinin köməyi ilə onu devirmək cəhdi lazımi nəticələr vermir. Bu baxımdan orduda təxribatlar törədərək, prosesə silahlı qüvvələri cəlb etmək istəyi kifayət qədər real görünür.

C.Məmmədov

“AzPolitika.info”