"Bu say artmasa bahalaşma davam edəcək"
Məlum olduğu kimi, son günlər quzu ətinin qiymətində bahalaşma müşahidə edilir. Belə ki, Yeni ildən əvvəl 16-17 manata təklif olunan quzu əti indi 20, bəzi yerlərdə hətta 21 manatdan satışa çıxarılır.
Təbii ki, quzu ətinin qiymətinin birdən-birə 20 faiz artması alıcıların ürəyincə olmayıb. İnsanlar sözügedən artımdan sonra tələbatın daha yüksək olduğu mal ətinin də qiymətinin bahalaşacağından narahatdırlar. Satıcılar bildirirlər ki, rayonlarda quzunun qiyməti bahalaşdığı üçün onlar da məcbur qalıb qiymətləri artırıblar. Artımın əsas səbəbi yem məhsullarının qiymətinin bahalaşması ilə izah olunur. Satıcılar bu artımın mövsümi xarakter daşıdığına inanırlar.
Lakin satıcılardan fərqli olaraq rəsmi rəqəmlər aqrar sektordakı vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir. Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında kəskin azalma baş verib. Statistikaya görə, 2023-cü ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.

Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 533 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 milyon 223 min baş təşkil edib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705 min baş azalıb. Qeyd edək ki, hazırda iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (125 255 baş), Bərdə ( 101 812 baş) və Cəlilabad ( 91 057 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 301 583 baş), Şəmkir ( 273 898 baş), Ağcabədi ( 233 964 baş) rayonlarındadır.
Komitənin başqa bir hesabatına görə, 2023-cü ildə ölkəyə diri heyvan və ət idxalı kəskin şəkildə artıb. Belə ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan mal əti idxalını 93,3 faiz artırıb. Bu dövrdə Azərbaycana 95 milyon 632 min dollardan çox diri heyvan idxal olunub ki, bunun da ümumi çəkisi 682 tondan bir qədər çox olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 milyon 474 min dollar və ya 37,10 faiz çoxdur.

2023-cü ildə ölkəyə idxal olunan ət məhsullarının ümumi çəkisi 34 milyon 861 min ton, maliyyə dəyəri isə 69 milyon 996 min dollardır. 2022-ci ilin eyni dövründə isə bu həcm 33 milyon 806 min tondan, dəyəri isə 62 milyon 610 min dollardan bir qədər artıq olub. Buradan da belə aydın olur ki, bir il ərzində idxal olunan ətin çəkisində 3,03 faiz, maliyyə dəyərində isə 10,55 faiz artım olub.

Bu mövzuyla bağlı iqitisadçı ekspert Xalid Kərimli "AzPolitika.info"-ya şərhində bildirib ki, sözügedən qiymət artımının səbəbi ilə bağlı söylənən fikirlər doğrudur: "Mən də hesab edirəm ki, bu, epizodik qiymət artımıdır. Bir həftəlik Yeni il tətili ərəfəsində insanların ətə olan təlabatı artıb. Bu zaman quzu ətinin qiymətinin artması normaldır. Bir qədər sonra qiymətlərin əvvəlki həddə enəcəyi gözlənilir. Hətta son günlər biz artıq qiymətlərin aşağı endiyini müşahidə edirik".
Ekspert ətin qiymətinin son illər bahalaşdığını bildirir. X. Kərimlinin sözlərinə görə, qiymət artımına təsir edən bir neçə səbəb var:
"Birincisi, son dövrlər heyvan yemlərinin qiymətinin bahalaşdığını görürük.
İkincisi, burada tələb və təklif məsələsinə də diqqət yetirmək vacibdir. Yəni ət istehsalı azalır, bir tərəfdən də əhalinin sayı və təbii olaraq təlabatı artır.
Üçüncüsü, heyvanların örüş sahələrinin, həmçinin kiçik ailə təsərrüfatlarının sayı getdikcə azalır. Ümumilikdə şəhərləşmə prosesi baş verir və daha çox bağçılıq, əkinçilik inkişaf etdirilir. Bu gün demək olar ki, heyvanlar üçün örüş sahəsi qalmayıb. Bütün bunlar sonda ətin qiymətinin bahalaşmasına gətirib çıxarır".
İqtisadçı qeyd edir ki, işğaldan azad edilən ərazilərdə otlaq sahələrinin geniş olması burada heyvandarlığın inkişafı üçün imkanları artırır. Lakin ekspert həmin ərazilərdə hələlik heyvandarlıqla məşğul olmaq üçün şərait olmadığını, həmçinin 30 ildir Bakıda yaşayan insanların ənənəvi vərdişlərini itirdiyini, buna görə də, ölkədə heyvanların sayının qısa zaman ərzində artacağına inanmadığını deyir.
X. Kərimli orta və uzunmüddətli dövrdə xırda və iribuynuzlu heyvandarlıqla məşğul olan şəxslərin sayının artmayacağı təqdirdə bu bahalaşmanın davam edəcəyini bildirir.
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər
Bu rəqəmlərdən asanca görünür ki, idxal olunan ət cəmi 2.6 dollara və ya 4 manata daxil olduğu halda 15-18 manata (4 dəfə baha )qiymətə əhaliyə satılır.Bəs bu satışdan dövlərə nə qədər vergi ödənilir və nə üçün belə baha satılmasına imkan verilir.
Bəs kənd təsərrüfat nazirliyinə naşı adamlaraı təyin edəndə,rayonlarda otlaq sahələrini qamarlayanda,kənd adamlarını torpaqsız.susuz qalmağa məcbur edəndə ağlınız harada idi?Hakimiyyətin belə ağılsız iarəetəsinin nəticələr necə olmalıdır ki?Bunun kimi sənaye sahələri.xidmət sektoru ,təhsil,səgiyyə s.Münasibət ,idarəçilik sistemi,dəyişilməlidir.