Xəbər verildiyi kimi, bir gün ərzində Ermənistan ordusunun iki zabitinin odlu silahdan açılan atəş nəticəsində həlak olması ölkədə ciddi əks-səda doğurub. Baş verənlərdə hakimiyyəti günahlandıran müxalifət müdafiə naziri başda olmaqla, Nikol Paşinyanın ordudakı adamlarının cəzalandırılmasına dair çağırışlar edirlər.
“AzPolitika.info” xəbər verir ki, yerli jurnalistlərə açıqlama verən Ertmənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Andranik Köçəryan baş verən hadisələrin araşdırıldığını deyib: “Düşünmürəm ki, Ermənistanın Müdafiə naziri Suren Papikyan orduda bir gündə baş verən iki ölüm faktına görə işdən çıxarılsın”.
Bununla da o, Paşinyanın müdafiə naziri istefaya göndərmək fikrində olmadığını açıqlamış olub.

Onun sözlərinə görə, buna görə məsuliyyət daşıyanları tapmaq lazımdır. “Bu işdə kimi cavabdeh hesab edirsiniz” sualına Köçəryan belə cavab verib: “Bu, ibtidai istintaq başa çatandan sonra bəlli olacaq. İlk öncə anlamalıyıq ki, intihar niyə baş verib, əgər intihar olubsa, qətl niyə baş verib, əgər qətl olubsa? Yəni, bütün bunlara aydınlıq gətirilməlidir, bundan sonra təqsirləndirilən şəxslər və onların çevrəsi müəyyənləşəcək. Dərhal sensasiyalı istefalar istəyirsiniz. Əgər bu yolla getsək, bu gün bir məmur da yerində olmamalıdır. Ona görə də hər şey qanun çərçivəsində olmalıdır”.
Jurnalistlər xatırladıblar ki, 2018-ci ildə Nikol Paşinyan qeyd edib ki, orduda ölüm halları medianın manşetlərində yer almamalı, buna görə konkret məsuliyyət daşıyan şəxslər olmalı və onlar cəzalandırılmalıdır. “Niyə indi həmin konkret məsul şəxsləri görmürük” sualına Köçəryan belə cavab verib: “Hər şeyi yaxşı görürsünüz, amma istədiyiniz zaman görürsünüz, istəməyəndə yox”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 9-da saat 06:20 radələrində N saylı hərbi hissənin döyüş mövqeyində müqaviləli hərbi xidmətçi Karen Araikoviç Karapetyanın meyiti tapılıb. Sonradan məlum olub ki, onu çağırışçı əsgərlərdən biri odlu silahdan atəş açaraq, qətlə yetirib.
Həmin gün məlum olub ki, hərbi hissələrdən birinin döyüş mövqeyində baş leytenant Mikael Danielyanın da meyiti tapılıb. Onun da güllə yarasından öldüyü məlum olub. İlkin məlumatlara görə, Danielyan intihar edib.
Ermənistanda ictimaiyyət ölümlərə görə müdafiə nazirinin istefaasını tələb etsə də, "demokrat" Paşinyan bunu eşitməzdən gəlir.
"AzPolitika.info"


Şərhlər