Menu

“İrəvandan da Naxçıvan üzərindən Mehriyə yük daşınacaq...” – POLİTOLOQ

12.01.2024, 11:52
“İrəvandan da Naxçıvan üzərindən Mehriyə yük daşınacaq...” – POLİTOLOQ

“Azərbaycan Prezidentinin müsahibəsinin Ermənistanda belə qavranması təəssüf doğurur. Erməni ictimaiyyətində yeni əraziləri ələ keçirmək niyyəti barədə manipulyasiyalar, ekstraterritorial dəhliz və mümkün gələcək müharibə ilə bağlı çaxnaşma müşahidə olunur”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov “Facebook” səhifəsində yazıb.

Ekspert xatırladır ki, Azərbaycan Prezidenti Naxçıvana nəqliyyat arteriyasının heç bir yoxlamalar olmadan yalnız Araz çayı boyunca ola biləcəyini açıq şəkildə bildirib: “Azərbaycandan Azərbaycana getməyən beynəlxalq yükləri istəyirlər beş dəfə yoxlasınlar. Eyni qaydada İrəvandan Mehriyə Naxçıvan üzərindən yükdaşıma olacaq, yəni Ermənistandan Ermənistana. Rusiyanın yola nəzarəti ilə bağlı suallarını da özləri həll etməlidirlər. İrəvan razı olsa, bütün kommunikasiyaları açırıq, razı olmasa açmırıq, bu günə qədər necə yaşamışıqsa, elə yaşayırıq. Məsələ bu qədər sadə və aydındır. Yol sərhəd boyu olmalıdır, burada qaranlıq bir məsələ yoxdur. Azərbaycanda da, Ermənistanda da anklav olan və olmayan kəndlər var. Gəlin, danışıqlar aparaq, onların məsələsini həll edək”.

F.Məmmədovun sözlərinə görə, bütün bunları sülh müqaviləsi ilə, yaxud o olmadan da həll etmək olar. “Ermənistan bu məsələləri sülh müqaviləsinə daxil edib mövqeyini möhkəmləndirməyə cəhd edirsə, o zaman yaxşı bir nəticə olmayacaq. Sülh müqaviləsində bütün məsələləri yalnız siyasi və diplomatik üsullarla həll etmək öhdəliyini yazıb, daha sonra illərlə danışıqlar aparıb əlverişli atmosfer yaratmaq olar”, - o əlavə edib.

Politoloq deyir ki, Ermənistan rəhbərliyi bu şərtləri qəbul etməyə çox da həvəsli deyil, çünki sülh müqaviləsindəki güc tətbiq etməmək öhdəliyini imzalayanda Paşinyan artıq Qərbdən kömək istəyə bilməyəcək. “Digər tərəfdən, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşması Paşinyanın Qərbə tərəf getmədə daha cəsarətli olmasına imkan verəcək. Amma görünən odur ki, Paşinyan həqiqətən də bu niyyətin arxasınca getmir, çünki Rusiyaya paralel ixracdan dividendlər alır, Qərbdə isə ənənəvi "Ermənistanı başa düş və yardım et” tezisini təbliğ edir. Azərbaycan Prezidenti problemli məsələlərin həll yollarını aydın və ardıcıl şəkildə göstərdi. Etməli olduğunuz tək şey ona qulaq asmaq və hərəkət etməkdir”, - Fərhad Məmmədov vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol