Menu

AUDİTORİYANI CORABLA GƏZƏN MÜƏLLİM... – BANM rektoru yazır

16.01.2024, 11:47
AUDİTORİYANI CORABLA GƏZƏN MÜƏLLİM... – BANM rektoru yazır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “feysbuk”da vaxtilə bu məktəbdə dərs demiş xarici müəllim haqda maraqlı xatirəsini paylaşıb.

“AzPolitikka.info” rektorun paylaşımını təqdim edir:

“Hal-hazırda ali təhsil müəssisələrində semestr imtahanlarının gedişinin ən qızğın çağıdır.

Bu, danılmaz həqiqətdir ki, tələbələr imtahan zamanı həmişə çox gərgin, həyəcanlı olurlar.

Tələbə olan hər kəs bu təbii halı yaşayıb.

Bu səbəbdən nəzarətçilər, müəllimlər tələbələrin imtahan anlarındakı gərgin və həyəcanlı durumunu başa düşməli, olduqca həssas davranmalıdırlar.

Bir neçə il bundan əvvəl rastlaşdığım və o vaxtdan düşüncələrimə böyük təsir göstərmiş heyrətamiz bir davranış nümunəsini sizlərlə də paylaşmaq istəyirəm.

Ali Məktəbimizin MBA proqramında Nikola müəllim (Niccolo Heilpern) dərs deyirdi. O, eyni zamanda məşhur “MaireTecnimont” (İtaliya) şirkətinin Bakı üzrə rəhbəri idi.

Nikola müəllim bizdə bir neçə il dərs apardı. Çox intizamlı və bilikli, həm də həlimxasiyyət, mehriban müəllim idi. Axşam saat 19.00-da dərs başlasa da, heç zaman dərsə gecikməzdi, tələbələrdən əvvəl gələr və sinfi hazırlayar, tələbələrini isə gülər üzlə qarşılayardı. Böyük vəzifəsi olsa da, həddsiz sadəliyi ilə tələbələrin sevimlisinə çevrilmişdi.

Bir gün baş vermiş bir hadisə təkcə tələbələri yox, elə məni də heyrətləndirmişdi.

Tələbələrimizdən biri mənə Nikola müəllimin imtahandan əvvəl arxa partaya keçərək, heç kimin diqqətini cəlb etmədən ayaqqabılarını səliqəli şəkildə çıxardığını və corabının üstünə özüylə əvvəlcədən gətirdiyi başqa bir corab geyinərək, nəzarət işini həyata keçirdiyini bildirdi...

Bəli, məhz imtahan zamanı tələbələrin diqqətini ayaq səsləriylə yayındırmamaq üçün Nikola müəllim belə etmişdi!

İmtahan bitdikdən sonra isə Nikola müəllim özünün alıb gətirdiyi tortu tələbələrlə birlikdə kəsib yeyərək, onların yaddaşlarında əbədi olaraq iz buraxmışdı...

Mənə çox maraqlıdır: nə üçün biz də bu incə, sadə, lakin böyük tərbiyəvi əhəmiyyətə malik jestləri etməklə, tələbələrimizə insanlıq nümunəsi göstərmirik?!

Yeri gəlmişkən, onu da xatırladım ki, Nikola müəllim 3 illik müəllimlik dövründə işlədiyi şirkətdən əməkhaqqı aldığı üçün (öz ölkələrinin qanunlarına əsasən) ali məktəbimizdən maaş almadı. Hazırda həmin şirkətin Yaxın Şərq bürosunun rəhbəri olan Nikola müəllim deyirdi ki, o, biliklərini paylaşdıqca, başqalarına da öyrətdikcə, özünü dünyanın ən zəngin və xoşbəxt insanı kimi hiss edir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol