Menu

“Azərbaycanın xalis mənfəəti 171 milyard ABŞ dolları təşkil edib...” – KOMİTƏ SƏDRİ

17.01.2024, 14:43
“Azərbaycanın xalis mənfəəti 171 milyard ABŞ dolları təşkil edib...” – KOMİTƏ SƏDRİ

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ötən ilin yekunlarını açıqlayıb. 

“AzPolitika.info” xəbər verir ki, Komitənin iclasında 2023-cü ilin hesabatını təqdim edən millət vəkili ölkə başçısı İlham Əliyevin liderliyi ilə əldə olunan uğurları qeyd edib, daha sonra ilin yekunlarına nəzərə salıb.

O, əvvəlcə, neft-qaz sahəsində icra olunmuş hədəflərə diqqət çəkib: “Hazırda Azərbaycanın ümumi neft hasilatının böyük hissəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun payına düşür. Ümumilikdə, AÇG blokunun işlənməsinə başlanmasından keçən dövr ərzində ümumi neft hasilatı 4,3 milyard barreli ötüb. 2001-ci ildən başlayaraq blokun işlənməsi layihəsinin həyata keçirilməsindən Azərbaycanın xalis mənfəəti 171 milyard ABŞ dolları təşkil edib.

Layihənin daimi operatoru olan Britaniyanın bp şirkəti və onun tərəfdaşları Azərbaycan, Gürcüstan və Türkiyədəki layihələrə ümumilikdə 108 milyard ABŞ dolları sərmayə qoyublar ki, bunun da 30%-i bp-nin payına düşür”.

Millət vəkili qeyd edib ki, 2006-cı ildən fəaliyyətə başlayan Bakı-Ceyhan neft kəməri ilə hazırda Qazaxıstan və Türkmənistan nefti də dünya bazarlarına çıxarılır.

“2020-ci ildə təxmin edilən ehtiyatları 60 milyon tondan çox neft olan Qarabağ yatağı müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağı kimi tarixə düşdü”, - S.Qurbanov əlavə edib.

Millət vəkilin sözlərinə görə, əgər 2003-cü ildə Azərbaycan 4 milyard kub metr qaz idxal edirdisə, bu gün Avropaya iri və etibarlı qaz ixracatçısı kimi çıxış edir, bir-birinin ardınca “mavi yanacağın” tədarükü üzrə uzunmüddətli müqavilələr imzalayır.

Komitə sədri daha sonra Azərbaycanın bərpa olunan enerji məsələlərinə ciddi önəm verdiyini bildirib: “Beynəlxalq Maliyyə Korporasiyası Xəzərdəki bizim potensialımızı 157 min meqavat həcmində təsdiqləyib. Ona görə indi enerji sahəsində bu istiqamət prioritetdir. Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə biz yaxın üç-dörd ilə bərpa edilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracağıq. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi elektrik stansiyalarımızın potensialı hazırda təqribən 7-8 min meqavatdır və yeni stansiya da inşa edilir - 1200 meqavatlıq, yaxın zamanlarda istifadəyə veriləcək. Hazırda bizim elektrik stansiyalarımızda il ərzində təqribən 5 milyard kubmetr təbii qaz elektrik enerjisinin istehsalına sərf edilir. İndi bərpaolunan enerji növləri bizə, o cümlədən imkan verəcək ki, həmin o 5 milyard kubmetr qazı yox, bəlkə 1-2 milyard kubmetr qazı elektrik enerjisinin istehsalına xərcləyək, qalan qazı ixrac edək”.

Millət vəkili daha sonra 2024-cü ildə Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini xatırladıb: “Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resurslarının gələcək is¬tehsalı, istehlakı ilə bağlı bəyanatın im¬zalanması üçün böyük şans var. Həm də böyük inam var. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti uğuru və təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan Fransa kimi dövlətlərə və bəzi dairələrə tutarlı cavabdır”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol