İSLAHAT ZƏRURƏTİ

Nurəddin İSMAYIL

Dövlətin dayanıqlığı, güvənliyi, sağlam təməl üzərində qurulması xarici və daxili siyasətin uzlaşmasından, yönətimlə toplum arasında üzvü bağlılığın təmin edilməsindən, vətəndaşların təhlükəsiz və rifah halında yaşamasından, ən başlıcası isə öz dövlətinə canı-könüldən bağlanmasından çox asılıdır.

Azərbaycanın son illər xarici siyasət sahəsində əldə etdiyi uğurlar danılmazdır və bu siyasətin uzunömürlü olması üçün daha ciddi səylər göstərilməsi zəruridir. Bunu dünyada gedən geosiyasi dəyişilmələr, regiona yeni güclərin cəlb olunması, Qərbin Ermənistan üzərindən Azərbaycanı təhdiddə saxlama cəhdləri, Rusiya və İranın ikibaşlı oyunları tələb edir və bu səbəbdən əlimiz daim tətikdə olmalıdır.

İkinci Qarabağ müharibəsində əldə edilən misilsiz hərbi qələbə Azərbaycanın xarici siyasətdə əlini bərkitdi və bu çağa qədər beynəlxalq şərtlərin zamanla diktəsinə dözməyə məcbur edilən ölkəmiz bu qələbədən sonra beynəlxalq arenada söz sahibi olmağı bacardı.

Çevik siyasətin ilk konturları Rusiya ilə onun vassalı olan Ermənistan arasında yaranan ziddiyətlərdən məharətlə yararlanıb, Qərb dəstəkli Paşinyanın təslimçi sülh masasına zorla gətirilməsində göründü. Kifayət qədər siyasi təcrübə balansına malik olan Prezident İlham Əliyev Qarabağ məsələsinin nə ATƏT-in Minsk qrupunun yalançı barış səyləri, nə amorf təşkilata çevrilən BMT-nin təsirsiz qətnamələrinin gücü ilə həll edilməsinin mümkün olmadığını aydın şəkildə gördü və bu işdə Rusiya faktorunun oynayacağı rolu vaxtında dəyərləndirdi.

Bu arada Qərbin təcrid siyasətinə tuş gələn qardaş Türkiyə ilə Rusiya arasında ilişkilərin yüksələn xətt üzrə inkişafı, xarici siyasət kursunda yeni manevr imkanları açdı və İ.Əliyev Qərbin Qarabağ problemi ilə bağlı ikili oyunlarına son qoymaq üçün bu yaxınlıqdan ustalıqla bəhrələndi. Ona qədər türkdilli dövlətlər də daxil olmaqla MDB ölkələri ilə hadisələrin sonrakı inkişafına təkan verən ikili münasibətlərin qurulması, dövlətlərarası iqtisadi, siyasi, mədəni əlaqlərin üst səviyyəyə qaldırılması diqqətdən qaçırılmadı.

Siyasət çeviklik tələb edir və 30 ildən artıq Qərbə doğru açılan qapılar, əsrin neft kontraktının əsas iştirakçısı olan Qərb şirkətlərinə neft, qaz sahəsində edilən güzəştlər Qarabağ məsələsini dondurulmuş vəziyyətdən çıxarmadısa, demək xarici siyasət kursunun vektorlarında zamana uyğun dəyişiklik etmək zərurətə çevrilir.

Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən dolayı Qərb tərəfindən sıxışdırılan, hər cür sərt sanksiyalara məruz qalan Rusiyanı yeni havadarlarına satmaq yolu tutan Paşinyandan fərqli olaraq, İ.Əliyev Qərblə ikili əlaqələri qorumaqla yanaşı, Rusiyanı aqressivləşdirə, onu məkrli imperiya siyasətinə sövq edə biləcək davranışlara, ehtiyatsızlığa yol vermədi.

Daxili siyasətə gəlincə, burada aparılan uğurlu xarici siyasətin davamı az müşahidə olunur. Sosial-iqtisadi sferada olan problemlər, inflyasiya, kəskin bahalaşma, korrupsiya və rüşvət faktorlarının beynəlxalq göstəricilərdə üstün yer alması, milli gəlirlərin ədalətsiz bölgüsü, monopoliyanın orta və kiçik biznesi öz məngənəsində boğması ortadadır və bu neqativlərin aradan qaldırılması üçün effektli tədbirlər görülməlidir.

Söz və mətbuat azadlığının pozulması, jurnalistlərin bu və ya digər adlarla həbsə atılması, siyasi məhbus məsələsi, qeyri-hökumət təşkilatlarının hakimiyyətin yedəyinə salınması, siyasi partiyaların sərbəst fəaliyyətinə yaradılan əngəllər günümüzün problemi olaraq qalır və bu faktlar ölkənin beynəlxalq imicini zədələyir. Parlamentin böyük əksəriyyətinin hakim partiya fərdlərindən ibarət olması, idarəetmədə, siyasi səhnədə onlara müstəsna haqq tanınması azad seçkinin, siyasi plürallığın mahiyyətini heçə endirir.

Bunlarla yanaşı daxili sabitliyin qorunması istiqamətində hüquq-mühafizə orqanlarının, xüsusilə Dövlət Təhlükəsizliyi Xidmətinin müsbət rolunu dəyərləndirməliyik. DTX əməkdaşlarının peşəkar fəaliyyəti bu qurumun illər öncə itən nüfuzunu geri qaytardı və onu bazar alverçisi səviyyəsinə endirən mahmudovçuluqdan xilas edərək milli təhlükəsizliyin qarantı olan ləyaqətli, sayseçmə bir dövlət orqanına çevirə bildi.

Bu qurumun gecəli-gündüzlü aktiv, səmərəli fəaliyyəti sınırlarımızdan sızan xəfiyyə axınını durdurdu, vaxtilə yaranan boşluqdan istifadə edərək ölkə içərisində qarışqa kimi qaynaşan, xaricdən köpək sürüsü kimi üstümüzə hürüdülən casus şəbəkəsi ustalıqla neytrallaşdırıldı.

Dövlətimiz xaricdən və daxildən bu qədər möhkəmləşmişkən daxili siyasətdə ciddi islahatçı addımların atılması zərurət kimi görünür.

635x100

Şərhlər

Bəhrəm 2024-01-17 20:07:48

Layiqli qərəzsiz təhlilinə görə halal olsun

Son yazılar