Bir-iki ilə Rusiya 20 il ərzində neft və qaz gəlirlərindən əldə etdiyi hər şeyi tamamilə itirə bilər. Çünki Ukraynaya qarşı müharibə Rusiyanın son iki onillikdə toplanmış strateji maliyyə ehtiyatlarını sürətlə tükəndirir.
"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-nin "Bloomberg" nəşrində yayımlanan məqalədə bildirilir.
Qeyd edilir ki, Rusiya Milli Rifah Fondunun pul və investisiya aktivlərindən ibarət yüksək likvid (pula çevrilən aktivlər-red.) hissəsi keçən ilin sonunda 5 trilyon rubl (56,5 milyard dollar) təşkil edib. Ukrayna müharibəsindən əvvəl bu göstəricinin 8,9 trilyon rubl olduğu bildirilir. Milli Rifah Fondunun daha aşağı likvidli aktivlərdən (Rusiya şirkətlərinin səhmləri, istiqrazlar və s.) ibarət hissəsi 2 trilyon rubldan çox artıb. Hazırda Fondun aşağı likvidli hissəsi yüksək likvidli hissəsindən üstündür. Ukrayna savaşından əvvəl bu göstəricinin əksinə olduğu bildirilir.
"Milli Rifah Fondunun ümumi həcmi indi tamamilə əhəmiyyətsiz görünür. Çünki onun əhəmiyyətli bir hissəsi Rusiyanın səhmlərinə və infrastrukturuna - mahiyyət etibarilə qeyri-likvid investisiyalara yatırılıb",-deyə məlumatda qeyd olunur.
Bildirilir ki, indi Qərbin sanksiyaları fonunda Rusiyanın neft-qaz gəlirləri azalıb və hətta cari büdcə ehtiyaclarını ödəməyə də çatmır.
Rusiyalı iqtisadçı Aleksey İsakovun fikrincə, Yaxın Şərqdə baş verən hadisələrə görə dünya neft qiymətləri kəskin artmağa başlamasa, Rusiya Milli Rifah Fondunun yüksək likvidli aktivlərinin balansı azalmağa davam edəcək və bu, Rusiya iqtisadiyyatını daha həssas bir vəziyyətə salacaq. Onun hesablamalarına görə, Rusiya neftinin ixrac qiyməti 50 dollardan aşağı düşərsə, Rusiya pul ehtiyatlarını bir-iki il ərzində tamamilə xərcləməli olacaq.
"Bloomberg" neftin qiymətinin 73 dolları keçmədiyi təqdirdə Rusiya Milli Rifah Fondunun bu il də aşağı düşəcəyini proqnozlaşdırır.
"AzPolitika.info"


Şərhlər