Prezidentliyə namizəd Zahid Orucun İctimai TV-də ikinci debatdakı çıxışını təqdim edirik.
Xatırladaq ki, bu debatın mövzusu “Azərbaycanın bölgənin nəqliyyat-loqistika mərkəzinə çevrilməsi” olub.
“Əziz həmvətənlər!
22 oktyabr 2020-ci ildə Zəngilanın Ağbənd kəndi işğaldan azad olunanda heç kim ağlına gətirə bilməzdi ki, heç üç il keçməyəcək həmin kənd beynəlxalq status əldə edəcək, nəqliyyat qovşaqlarının, istər Araz dəhlizi, istər Zəngəzur dəhlizinin əsas ünvanlarından biri olacaq. Mən xatırlatmaq istəyirəm ki, sovet dövründə həmin kənddə cəmi 400 sakin yaşayıb. Amma gördüyünüz kimi, Azərbaycanın 4246 kəndindən biri işğaldan azad olunandan sonra bu cür status əldə edib. Əlbəttə ki, bu, Vətən müharibəsində qələbəmizin birbaşa nəticələrindən biridir. Trans-Xəzər beynəlxalq dəhlizinin buradan keçməsi tamamilə realdır.
Rusiya ilə Qərb arasında konfrantasiyanın da Şimal-Cənub dəhlizi layihəsini gücləndirəcəyi etimalı və bunun ehtimaldan da gerçək xarakter daşıması, nəinki Ağbənd kəndinin və onun timsalında Zəngilanın, bütövlükdə Zəngəzur mahalının gələcək dövrdə Azərbaycana işğaldan azad olunmuş ərazilərin timsalında verəcəyi töhfəni, gəlirləri sübut edir.
Mən istəyirəm, bir anlıq 1993-cü ilə qayıdaq. O dövrdə Birinci Qarabağ savaşının yekununda Azərbaycan faktiki mühasirə vəziyyətinə düşmüşdü. Yəni, B.Yeltsin Rusiyası istər dəmir yollarının, istərsə də avtomobil nəqliyyatının blokadaya alınması fonunda Ulu Öndərin strateji gücüylə, iradəsiylə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsasının qoyulması və onun işləməsi böyük hadisə oldu. Bu, yalnız bir boru kəməri olmadı, Azərbaycan üçün sözün əsl mənasında nəfəslik, təhlükəsizlik kəməri, həm də yol oldu. Ümumi hadisələri təhlil edərək belə bir qənaətim var ki, gələcəkdə Zəngəzur dəhlizinin açılması həm də, Bakı-Tbilisi-Ceyhanın nəticəsidir. Bu mövzunun üzərində çox dayanmaq istəmirəm.
Azərbaycan 10 illər ərzində dövlətin iradəsiylə “Coğrafiya sərvətdir, coğrafiya taledir” deyimini nəzərə alaraq, qovşaqlara çevrilmək üçün həm Şərq-Qərb, həm Şimal-Cənub xətləri üzərində özünü möhkəmləndirən bütün nəqliyyat növləri üzrə güclü siyasətlər həyata keçirib. Bunların bir neçəsini xatırlatmaq istəyirəm: Xəzərdə ən böyük Ticarət terminalı məhz Azərbaycan tərəfindən yaradılıb, Gəmiqayırma zavodu da bizim tərəfdən inşa olunub, o cümlədən Astara terminalı və s. Bütün bunlar sübut edir ki, Azərbaycan nəzərə alır ki, gerçəkdən coğrafiyanı nə qədər beynəlxalq sistemə nəqliyyat xətlərinə qoşa bilirsənsə, bu, çox önəmlidir.
Əlbəttə, dövlətlər nə qədər ərazilər və resurslar uğrunda savaşsa da, əsas hədəf strateji qovşaqları, kommunikasiyaları və yolları ələ almaqadır. Lamanşdan Hörmüzə, Bosforsdan Süveyş kanalına qədər tarixi savaşlar hamınıza bəllidir. Qədim Romadan bəri min illərdir tirajlayırlar ki, “bütün yollar Romaya aparır”. İstəyirdilər ki, ticarətlər, bütün xətlər, dəyərlər, mədəniyyətlər məhz Romada birləşsin. Biz çox arzulayırıq ki, işğalın aradan qaldırılması fonunda “bütün yollar Azərbaycana gətirir” statusunu əldə edək. Dövlətimiz bu istiqamətdə daha hansı siyasətləri həyata keçirir, istəyirəm bu barədə danışım. Ancaq bunun paralelində Zəngəzur dəhlizi artıq bir beynəlxalq terminə çevrilib. Bu gün Ermənistan Baş nazirinin bir açıqlamasını mütləq səsləndirmək istəyirəm. O deyir ki, niyə Azərbaycan Araz dəhlizini 49 km olduğu halda qəbul edir, ancaq Zəngəzur 47 km olduğu halda bunu qəbul etmək istəmir. Əlbəttə, biz ermənilərin səhvlərini təkrar etməyəcəyik. Onlar Qarabağı sadəcə mühasirədə saxladılar, əsarətdə saxladılar və özləri də onların əsirinə çevrildilər. Bizim qarşıdakı dövrdə ən böyük strategiyamız ondan ibarət olmalıdır ki, sərhədlər açılsın. Çünki Kəlbəcərin işğalından sonra bilirsiniz ki, Türkiyə Ermənistanla sərhəddini bağlamışdı. Biz indi görürük ki, sülh danışıqlarına o qədər dövlətlər qoşulub və 2020-ci ildə məğlub olan dövlətlər moderatorluq vasitəsilə regiona qayıtmaq, bölgədə yenidən Minsk qrupu statusu ilə özlərini bərpa etmək istəyirlər. Buna görə Azərbaycan Türkiyə ilə birlikdə yeni bir siyasəti gündəmə gətirməlidir. Hesab edirəm ki, bu da, sərhədlərin açılması ola bilər. Biz bunu öz platformamızda “sərhədsiz Qafqaz” adlandırırıq. Bu ifadə nə deməkdir? Bu qətiyyən fiziki sərhədlərin olmaması anlamına gəlmir. Hərəkətin, ticarətin, gömrük rüsumlarının, tariflərin və s. azadlığını ifadə edir.
“Dövlətin həyata keçirdiyi siyasi, iqtisadi xətt vətəndaşlar, sahibkarlar tərəfindən müdafiə olunursa, tamamlanır və öz nəticələrini verir. Təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzi vətəndaşlarımızdan xüsusilə də, Vətən müharibəsində qələbədən sonra yeni yolların açılmasına dair mövqeyini soruşub. 1200 respondentin 56%-i bildirib ki, bu, sahibkarlıq fəaliyyətiylə məşğul olmağımız üçün perspektivlər açır. Bu rəqəm böyükdür və biz bunun üçün hazırlaşmalıyıq. Dərhal sual olunur: Zəngəzur dəhlizi reallaşdığı zaman sual olunacaq ki, bizim sahibkarlarımız, xüsusilə, transmilli səviyyələrdə olmasa da, böyük regional miqyaslarda, qitələrarası daşıma şirkətlərimiz mövcuddurmu? Bax, bunun üçün hazırlıqlarımızı davam etdirmək önəmlidir. Dünyada bütün yükdaşımaları əksər hallarda özəl korporasiyalar həyata keçirir. Dövlət şirkətləri, səhmdar cəmiyyətlər deyil, onlar yalnız qaydaları, tarifləri və digər tənzimləyici normaları hazırlayır.
Biz elə hesab edirik ki, sülh müqaviləsindən əvvəl sərhədlər açılarsa, bu, o demək olacaq ki, Ermənistan özü boyda Zəngəzur dəhlizinə çevriləcək. İqtisadiyyatlar vuruşur, müharibəni iqtisadiyyatlar aparır. Altı ay içərisində Türkiyənin məhsulları Ermənistana nəfəslik vermək olmayacaq, onlar üzərində iqtisadi təsir imkanları yaradacaq. Xatırlatmaq istəyirəm ki, Azərbaycanın daxili yollarının uzunluğu 29000 kilometrdir. Bu baxımdan MDB məkanında beşinci yerdədir. Ermənistanda bu rəqəm 7,5 km-dir, bizdən dörd dəfəyə yaxın aşağıdır. Yol dediyimiz ki, taledir, sərvətdir, ticarətdir və bütün dəyərlərin dövr etməsi, sirkulyasiyasıdır. Ona görə bu prosesdə də onlar bizə müqavimət göstərə bilməyəcəklər. Başqa mühüm bir məsələ Gürcüstanın Zəngəzur dəhlizinin açılmasından çox narahat olmasıdır. Biz Gürcüstana güzəşt siyasətindən imtinanın tərəfindəyik.
Biz yüdaşımalar və ölkənin nəqliyyat potensialının gücləndirilməsinə dair yeni “Yol strategiyası”nın qəbulunu zəruri sayırıq.
Burada daxili yollarımızın durumu ilə bağlı vurğulandı. Zəfər yolu da bizim həyatımızın bir parçasına çevrilib. Bizdə yolu həm də, müqəddəs sayıblar. Əlbəttə, müəyyən “çirkli əllər” o yollara qoşulmasaydı, bizim yollarımızın durumu bundan yaxşı olardı. Ona görə “Azəryol”un parlament qarşısında daimi hesabatlı olması fikrini bir daha müdafiə edirik.
Dərəcəsinə, rütbəsinə, sosial imkanlarına baxmayaraq, ondan asılı olmadan bizim hamımız yoldan istifadə edirik. Buna görə də, heç bir yolumuzun statusu aşağı deyil.
Bütün yollarımız Zəfər yolları olmalıdır. Bunu şüar kimi yox, real iş kimi qəbul edə bilərsiniz.
Bizim arzumuz budur ki, 7 fevral tarixi 8 Noyabr Zəfərimizin davamı olsun!


Şərhlər