Kreml keçmiş SSRİ respublikalarına qarşı rus dilindən siyasi təzyiq vasitəsi, hətta silah kimi istifadə etməkdə davam edir. Qonşu ölkələr rus dilinin tədrisi, istifadəsi, rusdillilərin “imtiyazları” və s. məsələlər əsas götürülərərək təhdid edilir.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın TNT kanalının baş prodüseri və Kremlin ən çirkin təbliğatçılarından biri olan ermənipərəst Tina Kandelaki Qazaxıstana dil uzadaraq, guya bu ölkədə rus dilinin sıxışdırıldığını iddia edib. Qazaxıstanın haqlı olaraq, öz dövlət dili olan qazax dilindən əsas dil kimi istifadə etməsi, bəzi yaşayış məntəqələrinin adının qazax dilinə çevrilərək dəyişdirilməsi Kremlin təbliğatçısının xoşuna gəlməyib.

Kandelakinin bununl bağlı yazısı Qazaxıstanda böyük rezonans doğurub. Belə ki, o, "Qazaxıstanda rus dilini dövlət səviyyəsində sıxışdırılmasının davam etdiyini" iddia edib. Buna səbəb Qazaxıstanda “Uralsk” dəmir yolu stansiyasının adının “Oral” və “Uzen”in “Janaozen” adlandırılması olub: “Pribaltika ölkələri təcrübəsi göstərdiyi kimi, bu, çox təhlükəli tendensiyadır. Burada da hər şey yavaş-yavaş başladı, sonra böyük qartopuna çevrildi: rus məktəbləri bağlandı, sovet abidələri yığışdırıldı, rus dili qadağan edildi və nəhayət, təqaüdçülər şaxtada çölə qovuldu”.

Qazaxıstan rəhbərliyinin Kandelakinin bu açıqlamasına cavabı sərt olub. Qazaxıstan XİN sözçüsü Aybek Smadiyarov Kandelakinin ölkəyə girişinə qadağa qoyulduğunu bəyan edib: “Lazım gələndə, tədbirlər görülür. Bu gün və ya sabah bizdən bunu (girişi qadağan olunanların siyahısını) tələb etməyin, amma dövlət bunu heç vaxt bağışlamayacaq. Ola bilsin ki, o, heç Qazaxıstana gəlməyə hazırlaşmır, amma gəlmək qərarına gəlsə, onu ölkəyə buraxmayacaqlar”.

Qeyd edək ki, anası milliyyətcə erməni olan Kandelakidən öncə qazaxları təhqir və təhdid edən erməni rejissor Tiqran Keosayanın da Qazaxıstana girişinə qadağa qoyulub.

“AzPolitika.info”