Rusiyanın Xarici işlər naziri Sergey Lavrov CBS telekanalına müsahibə verib. Bildirib ki, Donald Trampın ABŞ prezidentliyinə mümkün qayıdışı çətin ki, Rusiya-Amerika münasibətlərinə təsir etsin.
Lavrovun sözlərinə görə, Amerika hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin çox sayda xoşməramlı jestinə məhəl qoymayıb. O, nə barədə danışdığını izah etməyib
Nazir iddia edir ki, Moskva ilə Vaşinqton arasında uzun müddət dostluq münasibətləri qorunub, lakin ABŞ Prezidenti Corc Buşun dövründə qarşılıqlı etimad pozulmağa başlayıb. Bundan əlavə, Lavrovun sözlərinə görə, ABŞ-ın hazırkı administrasiyası siyasi dialoqda, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitməsində maraqlı deyil.
Lavrov hazırda ABŞ-dadır və orada BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edib. O, yenidən ABŞ və Qərb ölkələrini Ukraynadan Rusiyaya qarşı tramplin kimi istifadə etməkdə ittiham edib. Daha əvvəl Moskvada çıxışı zamanı nazir Rusiyanın bu yaxınlarda ABŞ-ın strateji sabitlik üzrə birbaşa dialoqu bərpa etmək təkliflərini rədd etdiyini bildirib. Vaşinqton hələlik Lavrovun açıqlamalarına münasibət bildirməyib.
ABŞ dövlət katibi Entoni Blinken bu yaxınlarda CNBC telekanalına müsahibəsində qeyd edib ki, əgər Putin Ukraynaya qarşı müharibəni dayandırmasa, o, NATO ölkələrinə qarşı birbaşa təcavüz edə bilər. Bu zaman ABŞ münaqişəyə birbaşa müdaxilə etməyə məcbur olacaq.
Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmağa çalışır. O, hakimiyyətə gəldikdən sonra Ukraynadakı müharibəni 24 saata bitirə biləcəiyini iddia edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər