“Qarabağdakı sülhməramlılarla bağlı məsələnin Ermənistana heç bir aidiyyəti yoxdur. Bu, Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.
“Prezidentlər bu mövzunu müzakirə etdilər. Onlar razılaşdılar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına kömək etmək üçün müsbət rol oynayır”, - nazir bildirib.
O, qeyd edib ki, Qərb Azərbaycanla Ermənistan nizamlanmasında Rusiya Federasiyasının rolunun yanlış olduğu qənaətinə gəlib və bu iki ölkə rəsmilərini Brüsselə, Parisə və Vaşinqtona “çəkməyə” çalışır.
“Şəxsən Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin noyabrında müharibəni necə dayandırmağın mümkün olmasında və Ermənistan-Azərbaycan-Rusiya arasında ən yüksək səviyyədə bir neçə üçtərəfli sənədin razılaşdırılmasında həlledici rol oynayıb. Bu sənədlərdə sərhədin delimitasiyası, ticarət və nəqliyyat yollarının açılması və sülh müqaviləsinin imzalanması da daxil olmaqla nizamlanmanın əsas parametrləri əks olunub. Bu yaxınlarda biz gördük ki, bu razılaşmalardan sonra qərbli həmkarlar Rusiyanın bu istiqamətdə irəliləyiş əldə etməsinin nədənsə, yanlış olduğunu düşünərək, erməniləri və azərbaycanlıları Brüsselə, sonra Parisə, sonra Vaşinqtona “çəkməyə” başladılar”, - nazir əlavə edib. (TASS)

Şərhlər
*Qərb* liderləri, BMT TŞnın müvafiq həll qərarından sonra (Lavrova qədər belə) dəfələrlə münaqişənin əski SSRİ və Varisi RF regonunda olduğu üçün onun qarşısını Kremlin daha operativ-Asan həll edə biləcəyini təklif və bəyan ediblər!? Rəsmi İrəvanın rahatsızlıq ehtimalı, onun 33 illik hərbi müttəfiqi Kreml hərbi kontingentinin Azərbaycan tərəfdə olması deyilmi?