“Konstitusiyanın preambulasını və Müstəqillik Bəyannaməsinə istinadı dəyişdirmək üçün yeni konstitusiyaya ehtiyac var”.
“AzPolitika.info” xəbər verir ki, bunu erməni mediasına müsahibəsində konstitusiya hüququ üzrə ekspert Vardan Poqosyan bildirib.
“Ermənistanın Baş naziri artıq yeni konstitusiyanın qəbuluna ehtiyac olduğunu bəyan edib. Mən bunu ilk növbədə onunla əlaqələndirirəm ki, hakimiyyət Müstəqillik Bəyannaməsinə istinadı konstitusiyanın preambulasında yazmaqdan imtina etmək istəyir. Əlbəttə, bunu etmək üçün yeni konstitusiya qəbul etmək lazımdır”, - Poqosyan qeyd edib.
Ermənistanın hazırkı konstitusiyasının preambulasında Qarabağın Ermənistana birləşdirilməsindən, habelə Ermənistanın Türkiyəyə ərazi iddiaları yer alan, “erməni soyqrımından” bəhs olunan Müstəqillik Bəyannaməsinə istinad edilir.
Müxalifətçilər və bəzi analitiklər iddia edirlər ki, Paşinyan Bakı və Ankaranın təzyiqi ilə ölkənin Əsas Qanununu dəyişmək istəyir. Amma konstitusiyada nə “artsax” məsələsinə, nə də “erməni soyqırımı”nın tanınması prosesinə heç bir istinad yoxdur. Hökumət isə bu ür çıxışlara etiraz edərək konstitusiyanın dəyişdirilməsinə Ermənistan xalqının qərar verəcəyini bəyan edir.
Bəs yeni konstitusiyanın qəbulu zamanı hansı prosedur nəzərdə tutulur?
Vardan Poqosyan deyir ki, hazırkı konstitusiya yeni konstitusiyanın qəbulu üçün müəyyən qaydalar müəyyən edib. Müvafiq olaraq, Milli Məclis deputatların ümumi sayının 2/3 səsi ilə yeni konstitusiya layihəsini təsdiq etməli, bundan sonra layihə referenduma çıxarılmalıdır. Ekspertin sözlərinə görə, yeni konstitusiya layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsinə və onun təsdiqini almağa ehtiyac yoxdur. Seçki hüququna malik vətəndaşların ən azı 1/4-i lehinə səs verdikdə referenduma çıxarılan akt qəbul edilir.
“Əgər cəmi 2 milyon səsvermə hüququ olan vətəndaş varsa, 500 min +1 lehinə olmalıdır. Əgər bu baş verməyibsə, referenduma çıxarılan akt qəbul olunmamış sayılır”, - deyə konstitusiya eksperti izah edir.
Qeyd edək ki, Ermənistanın hazırkı konstitusiyanın 207-ci maddəsinə əsasən, referendumda iştirak edənlərin yarıdan çoxu, lakin referendumda iştirak etmək hüququ olan vətəndaşların sayının ən azı dörddə bir hissəsi səs verdikdə referenduma çıxarılan akt qəbul edilir.
“AzPolitika.info”


Şərhlər