Menu

Paşinyan Tbilisiyə getdi – Azərbaycanın təklifi müzakirə olunacaqmı?

26.01.2024, 16:00
Paşinyan Tbilisiyə getdi – Azərbaycanın təklifi müzakirə olunacaqmı?

Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasında iştirak etmək üçün Gürcüstana işgüzar səfərə gedib.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, onun Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü planlaşdırılır. Səfərin gündəliyindən başqa təfərrüatlar barədə məlumat verilmir.

Hökumət başçısının səfəri iqtisadi xarakter daşısa da, Tbilisi mütəmadi olaraq Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazır olduqlarını bəyan edir.

Azərbaycan Gürcüstanın danışıqlarda vasitəçi kimi iştirakında maraqlıdır. Vaşinqton və Brüsselin vasitəçilik səylərinə isti baxmayan Azərbaycan rəhbərliyi ötən ilin oktyabrında danışıqları Gürcüstanın özündə yekunlaşdırmağı təklif edib.

“Məncə, həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, Gürcüstanı bu prosesə cəlb etməliyik. Bizi dəstəkləməyə hazır olduğuna və vasitəçi kimi namizədliyini irəli sürdüyünə görə Baş nazirə təşəkkür edirəm. Hesab edirəm ki, eyni yanaşmanı Ermənistandan da gözləmək lazımdır”, - İlham Əliyev bildirib.

Rəsmi İrəvan bununla bağlı ictimai və aydın mövqe bildirməsə də, müzakirələrin Brüsseldə və Vaşinqtonda davam etdirilməsinin alternativinin olmadığını açıqlayıb.

Nikol Paşinyanın Tbilisiyə səfəri zamanı sülh prosesinin müzakirə edilib-edilməyəcəyi və Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanla dayanmış danışıqlar prosesinin bərpasının mümkün olub-olmayacağı hələlik məlum deyil.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol