Menu

Son 20 ilə imzasını zəfərlə yazan siyasi lider! – Təhlil

30.01.2024, 16:00
Son 20 ilə imzasını zəfərlə yazan siyasi lider! – Təhlil

{{photo-small-left-0e1fd321-accc-4369-8c7a-18c679b3f3ae}}Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir müddər əvvəl yerli televiziya kanallarına müsahibəsində fevralda keçiriləcək növbədənkənar seçkiləri şərtləndirən əsas amillərdən biri kimi fəaliyyətinin 20 ili tamamlanmasını göstərdi.

“Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”- deyə, dövlət başçısı müsahibədə vurğulayıb.

Ötən 20 ildə ölkəmizin keçdiyi inkişaf yolu, əldə etdiyi, siyasi, iqtisadi, diplomatik və hərbi uğurlar isə Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında ilk dəfə dövlət başçısı seçilərkən xalqa verdiyi bütün vədləri yerinə yetirdiyini söyləməyə əsas verir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə şanlı ordumuz tərəfindən torpaqlarımızın erməni işğalından azad olunması, suverenliyimizin tam təmin edilməsi isə, əlbəttə, nəinki son 20 ilin, bütövlükdə Azərbaycan tarixinin ən önəmli, ən şərəfli hadisələrindən biri, bəlkə də birincisidir.

Tarixi hadisələrlə, dinamik sosial-iqtisadi inkişafla səciyyəvi olan ötən 20 il ərzində Azərbaycanda həyata keçirilən ardıcıl və davamlı islahatların nəticələri özünü bütün sahələrdə göstərməkdədir. Milli maraqlar, peşəkarlıq və prinsipial mövqe son 20 ildə ölkəmizin inkişafını təmin edən əsas amillərdir.

Son 20 ilə ərzində ölkədə müxtəlif sahələrdə əldə edilən naliyyətlər Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın qısa müddətə böyük, eyni zamanda, uğurlu yol qət ediyini göstərir.

İqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı təmin olunub

Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində, ölkədə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı təmin edilib. Rəsmi rəqəmlərə istinad etsək görərik ki, 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri 7,1 milyard manat olduğu halda, 2022-ci ildə 133,7 milyard manat təşkil edib.Ümumiyyətlə, 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Adambaşına düşən ÜDM 12 114,5 manata bərabər olub (7 126 $).

Ölkədə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilib. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. Belə ki, qeyri neft-qaz sektorunda ÜDM-in həcmi isə 2003-cü ildəki 4,4 milyard manat olduğu halda, 2022-ci ildə 69,8 milyard manata çatdırılıb. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəmin 34 milyard manata yaxın olub. İyirmi il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən ölkəmiz 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına sahib idi. 2023-c2 ildə isə valyuta ehtiyatları 67 milyard dolları ötüb. Bu, təqribən 41 dəfə artım deməkdir.

Həmçinin Mərkəzi Bankın valyuta ehtiyatları bu il 2003-cü ildəki 757 milyon dollardan 9,2 milyard dollara qədər artıb. Neft Fondunun aktivləri isə 820 milyon dollardan 56 milyard dollara çatıb. Neft Fondunun vəsaitlərinin artımı ölkə iqtisadiyyatına investisiya yatırımlarının yüksəldilməsi üçün şərait yaradıb. Belə ki, 2003-cü ildə bu göstərici 4,33 milyard dollar idisə, 2022-ci ildə investisiyaların ümumi həcmi (bütün mənbələr üzrə) rekord həddə çataraq 29,135 milyard manata çatıb ki, bunun da 14,9 milyard manatını (8,8 milyard dollar) xarici investisiyalar təşkil edib. İyirmi il ərzində investisiyaların ümumi həcmi 300 milyard dollar təşkil edib.

Ölkəmizin xarici ticarət dövriyyəsi 2003-cü ildəki 5,2 milyard dollardan 56 milyard 212 milyon dollar çatıb. Azərbaycanın ixracı 2,6 milyard dollar səviyyəsindən 41,7 milyard dollara yüksəlib. Qeyri neft-qaz məhsullarının ixracı 2002-ci illə müqayisədə 12 dəfəyədək artaraq 3 milyard dolları ötüb.

Azərbaycanın qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların həcmi 40,4 dəfə - 2003-cü ildəki 45 milyon ABŞ dollarından 2022-ci ildə 1 milyard 834 milyon ABŞ dollarına yüksəlib.

2023-cü ildə Azərbaycanda əsas kapitala investisiyalar 2003-cü illə müqayisədə 5,3 dəfə artaraq 20,3 milyard manat təşkil edib.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ildə qazanılan iqtisadi uğurlar nəticəsində Azərbaycan orta gəlirli ölkələr qrupuna daxil olub.

Bu dövrdə Prezident İlham Əliyevin uğurlu enerji diplomatiyası nəticəsində Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı mövqeyə malik ölkələrdən birinə çevrilib. Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılması, ölkəmizin dünyada təchizatçı kimi mövqeyini daha da möhkəmləndirib.Respublikamızın dünyanın yeni enerji xəritəsində və geosiyasi-iqtisadi düzənində strateji üstünlüyü daha da artıb.

Ölkəmizin beynəlxalq nüfuzunu artıran “Cənub Qaz Dəhlizi”. “Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollardır.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş iqtisadi siyasətin səmərəli nəticələri, neftdənkənar sahələrin də inkişafına münbit zəmin yaradıb. Ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji mahiyyət kəsb edən irimiqyaslı infrastruktur layihələrinin, neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Ümumiyyətlə, respublikamız Prezident İlham Əliyevin möhkəm siyasi qətiyyəti sayəsində elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici, dominant rol oynamır, əksinə, ağırlıq mərkəzi, çəkici qüvvə tədricən qeyri-neft sektoruna keçir. Buna misal olaraq aqrar sahəyə dövlət himayəsini göstərə bilərik.

Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə regionların inkişaf etdirilməsi istiqamətində geniş işlər görülüb. Bununla bağlı dövlət proqramlarının icrası uğurla həyata keçirilib. Belə ki, 2003-cü ildə əkin sahələri 1,22 milyon hektar təşkil edirdisə, bu rəqəm 2022-ci ildə 1,62 milyon hektar olub. Həmçinin 2003-cü ildə kənd təsərrüfatında istehsalın dəyəri 1 milyard 450,5 milyon manat olubsa, 2022-də bu göstərici 10 milyard 984,2 milyon manata çatıb.

Əhalinin sosial rifahı davamlı şəkildə yüksəldilib

Dövlət quruculuğu və iqtisadiyyatın gücləndirilməsi hesabına əhalinin sosial rifahının artırılması da daim Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olub.

“Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar” –deyə, bildirən Prezident İlham Əliyev xalqın rifahının yüksəldilməsini özünün siyasi fəaliyyətinin mərkəzinə qoyub.

Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olunaraq, əhalinin gəlirlərinin infiliyasiyadan qorunması təmin edilib. Eyni zamanda sosial həyat və iqtisadiyyatın bütün sahələrində islahatlara başlanılıb, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.

Prezident İlham Əliyevin sosial inqilab xarakterli fərman və sərəncamları demək olar ki, əhalinin bütün təbəqələrini əhatə edib. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum əməkhaqqı, pensiyalar mütəmadi olaraq artırılıb. Bunun nəticəsində milyonlarla vətəndaşın rifah səviyyəsi ciddi şəkildə yüksəldilib.

Prezident İlham Əliyevin qərarları ilə ötən 20 il ərzində dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata çatıb. Əlilliyə görə orta aylıq pensiyada 14 dəfə, ailə başçısını itirməyə görə orta aylıq pensiyada 19 dəfə artım baş verib. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfədən çox, o cümlədən son 5 ildə 2,4 milyard manat (70 faiz) artaraq 6 milyard manata çatıb. Ünvanlı sosial yardım proqramına başlandığı 2006-cı ildən ötən dövrdə həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 11 dəfə artaraq 478 manata çatıb. Xüsusilə son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta pensiya 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə artıb. Bu islahatlar üzrə ayrılan illik əlavə vəsaitlər 7 milyard manata çatıb.


Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir. Bunun daha bir təzahürü olaraq 2007-ci ilin əvvəlindən onlar üçün Prezidentin aylıq təqaüdü təyin edilib və ötən dövrdə bu təqaüdlər orta hesabla 6 dəfə artırılıb. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı ildən-ilə uğurla davam etdirilib. Xüsusilə də tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişləndirilib və onlara postmüharibə dövründə 5300, ümumilikdə ötən dövrdə 14 min 100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib.

Ordu quruculuğu dövlət siyasətinin prioriteti oldu

Prezident İlham Əliyevin rəhbərliyi altında neft kapitalının insan kapitalına çevrilməsi Azərbaycanın gələcək inkişafını təmin etdi. Heç şübhəsiz, gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə yönələn qərarları dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər ölkənin ictimai-siyasi həyatında əsas gücə çevirilib.


Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi.

2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb.

Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində 8 noyabrda Zəfərlə sona çatdı.


Ölkəmizin 30 il ərzində pozulmuş ərazi bütövlüyünün bərpa edilsə də, Xankəndidə separatçı rejim Azərbaycanın suverenliyinin tam bərpasını təmin etməyə maneə olurdu. Ali Baş Komandan anti-Azərbaycan dairələrinin təzyiqlərinə baxmayaraq siyasi iradə nümayiş etdirərək Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra Xankəndidə separatçı rejimin ləğv edilməsinə nail oldu. Bununla da Azərbaycan torpağında erməni separatizminin nəfəsliyi olan "Laçın dəhlizi" ləğv edildi, bütün Qarabağa və Şərqi Zəngəzura tam nəzarət Azərbaycanın əlində cəmləşdi. 19-20 sentyabrda keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində Ermənistan ordusunun tör-töküntüləri və eparatçı-terrorçu dəstələr tərk-silah edildi. 44 günlük müharibədə BMT-nin 4 qətnaməsini təkbaşına icra edən dövlətimiz daha bir tarixi Zəfərə imza ataraq 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icra olunmamış maddəsinin icrasını reallaşdırdı.

Ali Baş Komandan, oktyabrın 15-də, hakimiyyətinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı. Xankəndinin əsas meydanından xalqa müraciət edən Prezident İlham Əliyev ilk gündən xalqa verdiyi sözü yerinə yetirmək üçün xalqı səfərbər edərək gecə-gündüz necə çalışdığını belə ifadə etdi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.

Türk birliyi ideyadan reallığa çevrilir

Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub.  Təsadüfü deyil ki, Türk Dövlətləri Təşkilatının (TDT) yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. 

Ötən dövrdə respublikamız TDT-nın müxtəlif tədbirlərinə böyük uğurla ev sahibliyi edib. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb və artıq bu fond təsis edilib.

44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlar həmçinin tarixi Türk coğrafiyasının bərpası üçün də geniş perspektivlər açıb. Müharibəni qalibiyyətlə başa vuran ölkəmiz 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq respublikamızı Naxçıvanla və oradan da Türkiyə ilə birləşdirəcək Zəngəzur Dəhlizinin yaradılmasında israrlı mövqe sərgiləyir. Zəngəzur Dəhlizinin açılması ilə tarixi ədalətsizliyə son qoyulacaq və Türk coğrafiyası bərpa olunacaq.

Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin mühkəmləməsində də Prezident İlham Əliyev böyük rol oynayıb. Prezident İlham Əliyev iki qardaş ölkənin münasibətlərini “bir yumruq” kimi səciyyələndirib. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə respublikamıza bir qayda olaraq “can Azərbaycan” deyə xitab edir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidentnin müharibənin elə ilk saatlardan “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi ölkəmizə və xalqımıza əlavə güc verdi.

Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Eyni zamanda, iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsasları da getdikcə möhkəmləndirilir. Bu baxımdan, Qars Müqaviləsindən yüz il sonra - 2021-ci il 15 iyun tarixində iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib.

Qeyd olunanlar son 20 ildə qazanılan uğurları tam ifadə etməsə də, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın böyük inkişaf yolu keçdiyini, tarixi uğurlar əldə etdiyini söyləməyə əsas verir. Bütün bunlara əsaəsən əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev son 20 ilə öz möhrünü vuran siyasi liderdir.

İsmayıl İsmayılov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznes və logistika” kafedrasının dosenti

Şərhlər

Kasıb 2024-01-31 09:45:44

Kasıb əhali pis gündədir. Talançı rüşvətxor məmurların milyonları milyardları var. Kasıb əhalini vüecinə alan yoxdur. İş yox, düzəməli pensiya yox,uşaq pulu yox. Millət pis gündədir. Budurmu.................

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol