“Hələlik Rusiya tərəfindən cəsədlərin köçürülməsi ilə bağlı heç bir məlumat yoxdur”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.
O, bildirib ki, Rusiya hazırda qəzaya uğrayan “İl-76” təyyarəsində olduğu iddia edilən əsirlərin cəsədlərini Ukraynaya təhvil verməyə hazır deyil. Yusov əlavə edib ki, Ukrayna kəşfiyyatı hərbi təyyarənin göyərtəsində kimin və ya nəyin olduğunu müəyyən etməyə çalışır.
“Əsirlərimizin orada olması ilə bağlı Rusiya tərəfinin açıqlamaları var. Biz hələlik yalnız bu açqlamaları təhlil edə bilərik. Hələ ki, qarşı tərəfdən cəsədlərin köçürülməsi ilə bağlı hazırlıq işləri görülmür. Lakin bizim tərəfimizdən bütün işlər davam etdirilir. Ən pis ehtimalla bu, öz təsdiqini tapsa, hərbçilərimizin cəsədlərinin geri alınması üçün əlimizdən gələni edəcəyik”,-deyə o bildirib.
Yusov Rusiyanın bu hərəkətlərini təxribat adlandırıb: “Rusiya əsirlərin daşınması üçün hava nəqliyyatından istifadə edəcəyi ilə bağlı əvvəlcədən məlumat verməyib. Nəzərə alsaq ki, onların versiyasına görə, təyyarənin üçdə biri dolu idi, deməli, orada hərbi təchizat da ola bilər. Çünki bu təyyarə əsasən bunun üçün istifadə olunurdu. Ona görə də bu məsələni ətraflı araşdırmaq lazımdır”.
Qeyd edək ki, bir neçə gün öncə Belqorod bölgəsində Rusiyaya məxsus “İl-76” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya tərəfi iddia edir ki, qəza zamanı təyyarədə olan 65 ukraynalı hərbi əsir həlak olub.
“AzPolitika.info”


Şərhlər