Ermənistanda korrupsiya ilə bağlı yeni siyasi qalmaqal start götürüb.
“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorqyan saxlanılıb. “Hraparak” qəzeti öz mənbələrinə istinadla onun nədə ittiham olunduğunu yazıb. Məlum olub ki, Simonyanın qardaşı arvadı uzun illər Ermənistandakı ən məşhur İT şirkətlərinin birində - “Synergy”-də proqram meneceri kimi çalışıb. Təxminən il yarım əvvəl “Synergy” İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində iştirak edib. Həmin tenderə 4 şirkət qatılıb. Lakin tender ləğv edilib və "Synergy" orada qalib gələ bilməyib. Qəzet yazır ki, məhz bu yerinə yetirilməmiş tenderlər ibtidai istintaq orqanı tərəfindən Ani Gevorqyana qarşı ittiham irəli sürmək üçün əsas olub: “Daha doğrusu, öyrəndik ki, o, digər saxlanılan qadınlara - İqtisadiyyat nazirinin müavini Ani İspiryana və nazirliyin şöbə müdirinə qarşı sübut əldə etmək üçün saxlanılıb”. Xəbərdə bildirilir ki, parelament sədrinin qardaşı arvadı iki uşaq anasıdır.

Xatırladaq ki, iki gün öncə Ermənistanda İqtisadiyyat nazirinin müavini Ani İspiryan saxlanılıb. Ani İspiryan bundan bir gün əvvəl tutduğu vəzifədən azad edilib.
Hazırda Ermənistan mətbuatının əsas gündəm mövzularından biri olan bu həbslər Paşinyan hökumətindəki korrupsiya ilə bağlı yeni faktların üzə çıxmasına səbəb ola bilər.
“AzPolitika.info”


Şərhlər