Dollara tələbat yenidən yüksəlib - İqtisadçı devalvasiya riskindən danışdı

Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Dünən keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir. 

Qeyd edək ki, yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı.

Dollara tələbatın yenidən yüksəlməsinin səbəbləri barədə danışan iqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, bunun psixoloji tərəfləri olsa da valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlərin təsiri var: "Bu baxımdan, Mərkəzi Bankın kommunikasiyadan daha aktiv şəkildə istifadə etməsi çox vacibdir. Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil".

Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə, iqtisadçı xatırladır ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib: "Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır".

Rasim Əliyev

"Azpolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar