Menu

“Hərbi strategiya Budanovun dediyi kimi olmalıdır...” – “2023-cü ilin yay hücumunda səhvlərə yol verilib”

02.02.2024, 15:31
“Hərbi strategiya Budanovun dediyi kimi olmalıdır...” – “2023-cü ilin yay hücumunda səhvlərə yol verilib”

Xəbər verildiyi kimi, Qərb mətbuatında yaxın zamanda Ukrayna Prezidenti Volodimir Zelenskinin ordunun Baş komandanı, general Valeri Zalujnını istefaya göndərəcəyi barədə xəbərlər dərc edilib. Həmin xəbərlərdə Zalujnının yerinə mümkün təyinatlardan da söhbət açılır və qeyd olunur ki, yeni Baş komandan indiki Hərbi Kəşfiyyat İdarəsinin rəisi, general Kirill Budanov ola bilər.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “Kanal 24”-ə açıqlamasında ordunun 2023-cü il yay hücumu zamanı səhvlərə yol verildiyini deyib: “Bəli, 2023-cü ildə baş verənləri nəzərə alsaq, müəyyən bir mənfi təəssürat var. Müəyyən taktiki səhvlər olub, hərbi və siyasi rəhbərlik bundan danışır. Bu, problem deyil. Bu, müharibədir. Bizə qarşı hansısa kiçik resursları olan ölkə deyil, nəhəng hərbi sənaye kompleksinə malik iri miqyaslı ölkə sayılan Rusiya mübarizə aparır”.

Podolyak Ukraynanın hərbi strategiyası barədə danışıb və bu zaman general Budanova istinad edib: “Yəni, cənab Budanovun dediyi kimi, strategiya tamamilə konkret olmalıdır. Bir tərəfdən, müəyyən istiqamətlərdə Rusiya qüvvələrinin tükəndiriliməsi var. Bu, Donetsk vilayətində çox effektiv şəkildə baş verir. Mən təfərrüatlara varmayacağam. Bunu xüsusi olaraq hərbçilərlə müzakirə etmək lazımdır. Amma orada onların tükənməsi baş verir. Rusiya orada qüvvələri cəmləşdirir, amma ruslar nə deyirlər desinlər, onların heç bir ciddi irəliləyişləri yoxdur. Əvəzində, Rusiyanın imkanlarının geniş miqyasda məhv edilməsi var. Digər tərəfdən Budanov deyir ki, biz müxtəlif istiqamətlərdə aktiv şəkildə hücuma keçməliyik. Qərarlar Rusiya üçün gözlənilməz olmalıdır - əsas məsələ budur”.

Budanovun fikrini dəstəkləyən Podolyakın dediyinə görə, hücuma keçmək ona görə lazımdır ki, Rusiya öz qüvvələrini cəmləşdirə bilməsin, daim ehtiyatlarını harasa daşımaq imkanı axtarsın. Bu imkanı verməmək üçün isə Ukraynaya yenə də Rusiya logistikasını vura biləcəyi uzaqmənzilli raketlər verilməlidir.

Podolyak əlavə edib ki, Rusiyanın Ukraynanın hərəkətlərini əvvəlcədən proqnozlaşdırmaq imkanını əlindən almaq lazımdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol