Menu

RUSİYANIN “LANSET” PROBLEMİ - PUA-lar cəbhədə niyə azalıb?

02.02.2024, 18:36
RUSİYANIN “LANSET” PROBLEMİ - PUA-lar cəbhədə niyə azalıb?

Məlum olduğu kimi, “Lanset” PUA-ları Rusiya ordusunun cəbhədə Ukrayna zirehli texnikasına, hava hücumundan müdafiə sistemlərinə, radarlara və s. qarşı istifadə etdiyi əsas silahlardan biridir. Lakin son zamanlar Rusiya bu PUA-lardan əvvəlki qədər istifadə edə bilmir.

“AzPolitika.info” xəbər verir ki, “Forbes” nəşri 2023-cü ildə rusların “Lanset” kamikadze dronlarından istifadə sayını hesablayıb və belə nəticəyə gəlib ki, onların istehsalı azalıb. 

Nəşr bildirir ki, bu, ötən il avqustun 9-da Moskva vilayətinin Serqiyev Posad şəhərindəki Zaqorsk Optik-Mexanika Zavodunun ərazisində baş vermiş partlayışla bağlı ola bilər.

“Forbes”-un məlumatına görə, ruslar avqustda cəbhədə 126 “Lanset”dən istifadə etdiyi halda, dekabrda onların sayı 59-a düşüb: "”Lanset” istehsalı artmaq əvəzinə azaldı. Avqust ayında ZALA-nın (ZALA Aero Group - PUA-ların hazırlanması üzrə ixtisaslaşmış Rusiya şirkətidir - red.) “Lanset”-in gövdəsini hazır məhsula çevirməsinə mane olan nəsə baş verdi".

Nəşr qeyd edir ki, “Lanset” xaricdən gətirilən komponentlərdən, o cümlədən mühərrik və bort elektronikasından ibarətdir. Rusların özlərinin hazırladıqları isə elektrik batareyası və kameralardır.

Xəbərdə bildirilir ki, böyük ehtimalla Zaqorsk Optik-Mexanika Zavodunda baş verən partlayış PUA-lar üçün kameraların istehsalını və təchizatını sıradan çıxarıb.

Xatırladaq ki, ötən il avqustun 9-da Moskva vilayətinin Serqiyev Posad şəhərindəki Zaqorsk Optik-Mexanika Zavodunun ərazisində partlayış baş verib. Güclü partlayış dalğası yaxınlıqdakı binaların şüşələrini sındırıb. Partlayış nəticəsində 63 nəfər xəsarət alıb, 4 bina tamamilə dağılıb. Hadisənin Ukrayna kəşfiyyatı tərəfindən törədildiyi ehtimal olunur.

Cəlal

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol