Menu

Dövləti və xalqı qələbəyə aparan lider!

03.02.2024, 11:41
Dövləti və xalqı qələbəyə aparan lider!

Prezident İlham Əiyevin 20 illik siyasi hakimiyyəti dövrü Azərbaycan tarixində bir qəhramanlıq tarixidir. Onun mahiyyətinin müəyyən edilməsi üçün bu tarixi müxtəlif dövrlərə ayıraraq nəzər salmaq lazımdır. Dövlət başçısı aydın şəkildə bu 20 ilin ilk 17 ilini (2003-2020) xüsusi dövr kimi ayırır.

Sonrakı siyasi dövrlər isə məntiqi cəhətdən özü müəyyənləşib: 2020 –ci ilin 27 sentyabrında -10 noyabra qədər olan dövr - 44 günlük Vətən müharibəsi dövrü.

Vətən müharibəsindən lokal antiterror tədbirlərinədək (10 noyabr 2020 - 19 sentyabr 2023) olan dövr. Lokal antiterror tədbirindən Xankəndidə Azərbaycan bayrağının ucaldılmasınadək olan dövr(19-20 sentyabr 2023 -15 oktyabr 2023).

Dövlət başçısının yazdığı qəhrəmanlıq tarixinin ikinci mərhələsinin əvvəllərində - 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə əsası qoyulan və sonrakı dövrdə möhtəşəm proqrama çevrilən Böyük Qayıdış da uğurla davam etdirilir.

Nəticədə, Böyük Qayıdış özü də yeni bir dövr kimi ayrılır, müstəqil istiqamət kimi də ayrılır.

İlham Əliyev epoxasının ümumi dövrləşdirilməsində ən əsas məsələ 20 ilin 17 ilinin xüsusi dövr kimi ayrılması ilə bağlıdır və yəqin ki, ən təcrübəli tarixçi də buna ehtiyatla yanaşardı. Prezident İlham Əliyevin yanaşması isə xüsusidir, qeyri-standartdır və həqiqətdir.

Dövlət başçısı işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı (23 noyabr 2020-ci il) demişdir: “Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq... Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq... Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik...”

17 il davam edən birinci dövrdə görülən işlər sonrakı 3 il uğurlu dinamikasına və tarixi baxımdan qısa davam etməsinə səbəb oldu. Prezident İlham Əliyev dövlətçilik fəaliyyətinin xüsusi mərhələsinə yüksəldi, Ali Baş Komandan kimi silahlı qüvvələrə rəhbərlik etməklə müharibə məsuliyyətini üzərinə götürdü və onu qələbə ilə başa çatdırdı. Beləliklə, Prezident İlham Əliyev dövlət xadimi ilə birgə, nəinki Azərbaycan, eləcə də dünya müharibələr tarixi salnaməsinin mahir hərbi xadimləri sırasına daxil oldu.

Xalqın, dövlətin tarixində müharibə qədər ağır bir hadisə yoxdur. Müharibə dövlət həyatının bütün sahələri üçün xüsusi sınaq olur. Bu müharibə Birinci Qarabağ müharibəsində (1991-1994) olan ağır məğlubiyyətdən və uzunmüddətli işğaldan sonra baş verirsə, sınaq daha da ağırlaşır. Düşmən erməni kimi qəddar, elementar müharibə qanununa belə əməl etməyən millət olursa, bu sınaq daha da çətinləşir. Prezident İlham Əliyev məhz belə bir müharibədə dövləti və xalqı qələbəyə apardı.

Dövlət başçısı üçün onun siyasi həyatının ən məsuliyyətli anı müharibə xəbərini xalqa çatdırması, bununla eyni zamanda, onu qələbə ətrafında səfərbər etməsi bacarığıdır. Dövlət başçısı 2020-ci il 27 sentyabrdan-10 noyabra qədər müharibəni bütün istiqamətlərdə məharətlə idarə etdi. Vətən müharibəsi müasir savaşın indiyədək məlum olmayan yeni tərəflərini də aşkar etdi. İnsansız hava aparatlarının rolu və imkanları ortaya çıxdı. Digər tərəfdən, hazırkı uzaq məsafəli silahların tətbiqi nəticəsində, İkinci Dünya müharibəsindən, xüsusilə 1941-1945-ci illər müharibəsindən məlum olan arxa cəbhə anlayışı, demək olar ki, aradan qalxdı. Müharibə cəbhəsindən ən uzaq strateji obyektlər və dinc əhali də faktiki olaraq qanlı döyüşlərə cəlb edildi, nəticədə bütün ölkə vahid hərbi cəbhəyə çevrildi.

Prezident İlham Əliyev məhz belə bir vəziyyətdə Azərbaycanı, onun xalqını, siyasi qüvvələrini, maddi və mənəvi resurslarını öz komandanlığı altında birləşdirməyə nail ola bildi. 44 günlük Vətən müharibəsində dövlət, xalq, ölkənin iqtisadi həyatı, 17 il ərzində görülən bütün tədbirlər, onların həyatiliyi və davamlılığı sınaqdan çıxdı.

Müharibənin strategiya və taktikasının hər bir tərkib hissəsi Ali Baş Komandan kimi İlham Əliyevi müharibə sənətinin hərbi dühaları sırasına çıxardı. Dünya hərb tarixinin həm Şərq, həm də Qərb xadimləri - Çingiz xan, Əmir Teymur, Nadir şah, Napoleon və başqaları meydan müharibələri qəhrəmanları idi. Azərbaycan lideri isə Ermənistan tərəfindən ölkənin işğal edilmiş 16 min kvadrat kilometrlik ərazisinin də az bir qismində döyüşlər verərək, yeniliklərə imza atdı. Müharibə tarixinin ən ağır və ən qanlı səhifələrini şəhər döyüşləri təşkil edir. Şuşa əməliyyatı hazırlanması, həyata keçirilməsi və nəticələrinə görə, şəhər döyüşlərinin yeni, orijinal bir modelini ortaya qoydu. Ağdam, Kəlbəcər və Laçının dinc yol ilə azad edilməsi hərbi-siyasi və diplomatik uğur idi.

Prezident İlham Əliyevin 10 noyabr (2020) Bəyanatından sonra apardığı siyasət yeni bir dövlətçilik fəlsəfəsi idi. Bir tərəfdən Ermənistanın kapitulyasiyasının nəticələrinin reallaşdırılması istiqamətində fəaliyyət genişləndi, digər tərəfdən Böyük Qayıdış proqramına start verildi.

Vətən müharibəsindən antiterror tədbirlərinədək olan dövrün təhlili (Laçın Sərhəd Buraxılış Məntəqəsinin açılışı (23 aprel 2023-cü il) və s.) göstərir ki, bu dövrdə həyata keçirilən siyasət böyük uğurla nəticələndi. Azərbaycan Ermənistanda olan revanşistlərin və onları dəstəkləyənlərin yeni müharibə arzusunun reallaşdırılmasına yol vermədi, Azərbaycanın yeni müharibəyə cəlb edilməsinin qarşısını aldı, strateji məqsədə lokal terror əməliyyatı ilə nail oldu.

Bu əməliyyat da hədəfinə 23 saatda çatdı. Beləliklə, Azərbaycanın öz ərazisi üzərində suveren hüquqları tamamilə bərpa olundu. Onun zirvəsi isə Xankəndidə Azərbaycan bayrağının yüksəldilməsi oldu.

Asiman Aydın oğlu Quliyev

Azərbaycan Dövlət Iqtisad Universitetinin dossenti, iqtisad elmləri namizədi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Nüsrət Salman oğlu Babyev

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının baş müəllimi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol