MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Moldovda bazar günü keçirilən parlament seçkilərinin nəticələrini tanıyıb.
Virtualaz.org saytı TASS-a istinadən xəbər verir ki, missiya seçkilərin Moldova qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olduğunu bəyan edib.
Bu haqda Kişnyovda keçirilən mətbuat konfransında missiyanın koordinatoru, Qırğızıstan parlamentinin deputatı Abdıjapar Bekmatov bildirib.
Bununla belə missiya üzvləri bəzi pozuntuların olduğunu da deyiblər.
“Rusiya Federasiyasında olan seçicilər üçün zəruri şərait yaradılmayıb. Bizim missiyamızın üzvləri bir neçə pozuntu qeydə alıb. Bunlardan biri elektron reyestrin işinin dayanmasıdır. Bu, texniki məqamdır, ancaq seçicilər üçün müəyyən problemlər yaratdı, eləcə də seçki komissiyalarının üzvləri problemlə üzləşdi” - deyə missiyanın üzvü, Azərbaycan parlamentinin deputatı Arif Rəhimzadə bildirib.
Moldova seçkilərində Avropa yönümlü partiyalar nisbi üstünlük əldə edib və onların koalision hökumət formalaşdırmaq imkanı var.


Şərhlər