"Hazırda milli ruhu qorumaq üçün məcburi hərbi xidmətin davam etdirilməsi Azərbaycan üçün ən ideal sistem hesab olunur"
Son günlər Azərbaycanda ordunun ödənişli hərbi xidmət modelinə keçidi ilə bağlı gərgin müzakirələr gedir. Sonuncu dəfə bu məsələ hətta Milli Məclis səviyyəsində belə gündəmə gətirilib.
Belə ki, bugünlərdə Milli Məclisin iclasında çıxış edən deputat Elnur Allahverdiyev təklif edib ki, Azərbaycanda ödənişli və qısamüddətli hərbi xidmət rejimi tətbiq oluna bilər.
Millət vəkili qeyd edib ki, dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətə hərbi xidmət keçmək üsulu dünya təcrübəsində də mövcuddur. Onun fikrincə, belə bir dəyişiklik olsa, bu, bir sıra problemlərin həllində rol oynaya bilər: "Xüsusilə, bu dəyişiklik gənclərin təhsili ilə bağlı məsələlərə kömək etmiş olar. Təhsilini və karyerasını davam etdirmək istəyən gənclər qısamüddətli hərbi xidmət keçməklə yenidən təhsillərini davam etdirə bilərlər. Bizdə hərbi xidmət 1 il yarım və ali təhsillilər üçün 1 il müəyyən edilib. Büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər".
Qeyd edək ki, hazırda bu sistem qardaş Türkiyə ordusunda, NATO və Avropanın bir sıra ölkələrində geniş tətbiq olunur. Türkiyədə "bədəlli əsgərlik" adlanan ödənişli hərbi xidmət üsulundan faydalanan xidmət yaşına çatmış gənclər müəyyən məbləğ qarşılığında hərbiyə yollanmırlar. Onlar sadəcə 21 günlük hərbi kursda iştirak edərək hərbi biletə yiyələnirlər. Hazırda bu xidmətdən yararlanmaq istəyən gənclər bunun üçün dövlət büdcəsinə 182 608 lirə (təxminən 10 190 manat-red.) vəsait ödəməlidirlər.
Rəsmi məlumata görə, Türkiyədə təkcə 2018-ci ildə ödənişli hərbi xidmət üçün 635 min nəfər müraciət edib. Həmin il Türkiyə büdcəsinə 9 milyard 533 milyon türk lirəsi həcmində gəlir daxil olub.
Maraqlıdır, Azərbaycan ordusunda ödənişli hərbi xidmət üsulu tətbiq oluna bilərmi?

Bu barədə hərbi ekspert Elxan Şıxəliyev "AzPolitika.info"-ya şərhində bildirib ki, sözügedən mövzu ilə bağlı müxtəlif təkliflər səsləndirilsə də, bunun bir əsaslandırması olmalıdır: "Əsaslandırma iki formada olur - səfərbərlik ehtiyatlrımızın həcmi və güc strukturlarının tələbi. Yəni, güc strukturlarında ştata uyğun olan səfərbərlik ehtiyatlarının sayı və ştat strukturunun çağırışla doldurulmasının əsaslandırması olmalıdır. Məsələn, Türkiyə Silahlı Qüvvələri Türkiyədə bunu həyata keçirir. Amma nəzərə almalıyıq ki, Türkiyənin 85 milyonluq əhalisi, 400-500 minlik bir ordusu var. Bizim isə hazırda 10 milyondan artıq əhalimiz və 100 minin üzərində güc strukturumuz mövcuddur. Bu, əsaslandırıla bilsə, məsələyə baxmaq olar".
Hərbi ekspert qeyd edir ki, təhsil üzərindən hərbi xidmətə yollanma ilə bağlı qayda müəyyən edilə bilər. Onun sözlərinə görə, gənclərin magistr və doktorantura təhsillərinin yarım qalmaması üçün bu cür təkliflər fayda verə bilər.
E. Şıxəliyev bu təklifin bütün gənclərə şamil olunmasını "biznes" adlandırıb:"Böyük Britaniyanın Baş naziri Uiston Çörçil deyirdi ki, "Əgər müharibədə imkanlı ailələrin övladları iştirak etmirsə, bunun adı müharibə yox, biznesdir. Bizdə də bunun adı biznes olacaq".
Ekspert əlavə edib ki, Ermənistanla sülh sazişi imzalanarsa, bunu sırf müəyyən kateqoriyalara aid etmək olar.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz isə "AzPolitika.info"-ya şərhində bildirib ki, dünya ordularında hərbi xidmət keçmə növləri müxtəliflik təşkil edir:"Bəzi ordular tamamilə könüllü, bəzi kiçik dövlətlərin orduları muzdlu hərbçilərdən ibarət olur. Müasir ordular isə yarı təcrübəli, yəni könüllü, həm də təcrübəli ödənişli xidmət keçən hərbçilər saxlayırlar. Siz yeni xidmətə başlayan bir hərbçiyə məsələn, tank nişançılığını öyrədirsiniz. O, hərbi xidmətini başa vurub, ordudan ayrılır. Siz yeni gələn hərbçiyə yenidən eyni sistemi öyrədirsiniz. Hərbçilərin bunu öyrənmələri üçün isə ən azı 30-40 tank mərmisindən istifadə olunur. Hərbi xidməti başa vurub ordudan ayrıldıqdan bir müdətdən sonra isə bu təcrübə itirilir".
Hərbi ekspert qeyd edir ki, 44 günlük Vətən müharibəsi və 24 saatlıq anti-terror əməliyyatı zamanı məlum oldu ki, "052" xüsusi təyinatlıları kimi, ödənişli hərbi xidmət keçən hərbçilər döyüş meydanında daha uğurlu olurlar:"Türkiyə Silahlı Qüvvələrində də tamamilə təcrübəli hərbçilərdən təşkil olunan komando birlikləri var. Digər birliklərdə isə kritik mövqelərdə - tankçı, tank nişançısı, "S-300" və ya "S-400" batereyalarında təcrübəli əsgərlər olur. Azərbaycan ordusu da indi qismən bunu tətbiq edir. Düşünürəm ki, təcrübənin itirilməsi müharibə meydanında böyük itkilərə səbəb olduğundan, Azərbaycanda da Türkiyədə olduğu kimi yarı təcrübəli orduya keçid edilə bilər. Lakin hazırda milli ruhu qorumaq üçün məcburi hərbi xidmətin davam etdirilməsi Azərbaycan üçün ən ideal sistem hesab olunur".
E. Bəyməmmədli
"AzPolitika.info"
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanmışdır.


Şərhlər
1 il ve 1 il 6 ay xidmetin chox hissesi menasiz vaxt itkisinden ibaret olur. Evezinde qisa muddetli intensiv telim sistemi qurmaq lazimdir. Her kes 6 ay xidmet chekib ehtiyata buraxilmalidir. Yuksek mebleg odeyenler uchun bunu 2 aya endirmek olar. Serbest qalan vesaitleri ise peshekar ordu birliklerinin yaradilmasina yoneltmek lazimdir.
Həda indi əsgərliyə gedənə qız vermirlər ki,kasıbdır
Əlbəttə təcrübəli ordu daha effektlidir, nəinki insan sayı.Əsas da korrupsiyanı önləməyə imkan verəcək.Xidmət çəkmək istəməyən bir yol tapıb yayınır.