Menu

Ukraynaya kütləvi raket hücumu – Polşa “F-16”-larını havaya qaldırdı

07.02.2024, 12:06
Ukraynaya kütləvi raket hücumu – Polşa “F-16”-larını havaya qaldırdı

Ukraynaya qarşı işğalçılıq müharibəsini davam etdirən Rusiya bu ölkəyə qarşı növbəti raket hücumunu həyata keçirib.

Ukraynanın bir sıra regionlarında qanadlı raketlərin hərəkəti qeydə alınıb. Xarkov vilayətinin hakimiyyət orqanları ballistik raket hücumu barədə məlumat verib. Raket hücumundan əvvəl PUA hücumu olub.

Raketlər paytaxt Kiyevin də səmasında görünüb. “Düşmən hücumu nəticəsində paytaxtda iki yüksək gərginlikli xətt raket qalıqları ilə zədələnib. Sol sahildə bəzi ərazilər işıqsız qalıb”. Bunu Kiyev meri Vitali Kliçko öz “telegram” kanalında yazıb.

Daha sonra Kliçko Kiyevin Qoloseyevski rayonunda yaşayış binasında raket hücumu nəticəsində yanğın baş verdiyini bildirib.

Bütün Ukrayna ərazisində hava hücumu siqnalı verilib. Nikolayev, Dnepropetrovsk və hətta uzaq Lvov vilayəti də raket hücumlarına məruz qalıb. Mülki əhali arasında itkilər var. İnfrastruktur obyektlərinə ziyan dəyib.

Ukrayna ordusunun məlumatına görə, Rusiya Tu-95MS və Tu-22M3 təyyarələrindən qanadlı raketlər ataraq, həmçinin, ballistik raketlər və PUA-lardan istifadə etməklə bir neçə dalğadan ibarət kütləvi hücum həyata keçirib.

Xəbərdə qeyd olunur ki, Lvov bölgəsində raketlərdən biri Polşa istiqamətində uçub və sərhəddən 20 km məsafədə 180 dərəcə dönüş edərək, geri dönüb. Bundan öncə 3 Polşa “F-16”-sı həmin raketi vurmaq üçün havaya qaldırılıb. Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı Rusiyanın Ukraynaya kütləvi raket hücumu fonunda Polşa və müttəfiq qüvvələr aviasiyasının aktivləşdiyini elan edib: “Bildiririk ki, Rusiya Federasiyasının uzunmənzilli aviasiyasının Ukrayna ərazisinə raket hücumları ilə bağlı intensiv fəaliyyət başlayıb”. Qeyd olunur ki, bununla bağlı Polşanın hava məkanının təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri prosedurlar gücləndirilib və əməliyyat komandanlığı vəziyyəti daim nəzarətdə saxlayır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol