“Ötən ilin mayında qardaş Türkiyədə keçirilən prezident seçkisindən sonra bu il fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkisi oxşar seçki mədəniyyətinin təcəssümüdür”.
“AzPolitika.info” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev “Facebook” səhifəsində yazıb.
“Seçkilərin yüksək səviyyədə təşkil olunması, iki qardaş xalqın öz liderlərinə münasibəti bütün dünya üçün örnək oldu. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dünyanın çox mürəkkəb bir dönəmində xalqlarını təhdidlərdən qorumaq üçün bütün güclərini ortaya qoydular. Seçkilərdə iki qardaş Xalqın iradəsinin qətiyyəti iki böyük şəxsiyyətin fəaliyyətinə verilən yüksək qiymətdir. Bu qətiyyət hələ uzun illər davam edəcək”, - millət vəkili qeyd edib.
E.Əliyevin sözlərinə görə, prezident seçkiləri barədə hər bir seçici öz təəssüratlarını bölüşür. “İnsanların sevinc hissi, emosiyası heç zaman yaddaşlardan silinməyəcək. Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə Xankəndində səs verməsi seçkiyə xüsusi məzmun verdi”, - o əlavə edib.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" paradiqması döyüş meydanında, arxa cəbhədə, keçirilən seçkidə öz identikliyini göstərdi: “Biz təhsil, iqtisadiyyat, elm, mədəniyyət, səhiyyə sahələrində daha böyük inkişafa nail olacağıq. Xalq olaraq ağır imtahanlardan şərəflə çıxdığımızdan qazanılan hər bir uğur Zəfərimizin və Seçimimizin fəlsəfəsini zənginləşdirəcək. Biz yaşadığımız əsrin qalib xalqı olmaqla yanaşı, həm də əsrimizin sivil xalqıyıq”.
Etibar Əliyev “Prezident seçkiləri bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı yenilməz və iradəli xalqdır”, - deyə postunu yekunlaşdırıb.
“AzPolitika.info”


Şərhlər