Menu

Qərb şirkətlərinin silah-sürsatları Rusiyaya ötürülür – ARAŞDIRMA

08.02.2024, 16:13
Qərb şirkətlərinin silah-sürsatları Rusiyaya ötürülür – ARAŞDIRMA

Sanksiyalara baxmayaraq, İtaliyanın aparıcı silah şirkətləri “Beretta” və “CD Europe S.R.L” Rusiyaya snayper tüfəngləri, tapançalar və döyüş sursatları verməyə davam edir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Insider” və “IrpiMedia”nın araşdırmasında deyilir.

Araşdırmaçıların fikrincə, “Beretta” holdinqinin istehsal etdiyi italyan silah və sursatlarının Rusiyaya ixracı rusiyalı iş adamı Mixail Xubutiyaya məxsus şirkətlərin vasitəçiliyi ilə həyata keçirilir.

Xubutiyanın silah biznesindəki ən böyük şirkətlərdən biri nəzarət paketi “Beretta” holdinqinə məxsus olan "Russian Eagle" MMC-dir. Jurnalistlərin fikrincə, avropalılar Rusiyaya silahlarını məhz bu törəmə müəssisə vasitəsilə verirlər. Təchizat zəncirində Türkiyədən bir vasitəçi şirkət iştirak edir.

Araşdırmaçılar yazırlar ki, ümumilikdə müharibə başlayandan sonra Rusiyaya 835 mindən çox patron və demək olar ki, altı min atıcı silah daxil olub.

Jurnalistlər qeyd edirlər ki, bu yolla verilən silah və sursatların bir hissəsi Rusiya təhlükəsizlik qüvvələri tərəfindən alınır. Üstəlik “Beretta” holdinqinə daxil olan Finlandiyanın “Tikka” markalı “Hunter” snayper tüfəngləri Rusiya hərbçiləri tərəfindən Ukrayna cəbhəsində istifadə olunur.

Bundan əlavə, araşdırmaçıların fikrincə, “Beretta” Rusiyanın silah konserni “Kalaşnikov” ilə əməkdaşlıq edir. İtalyan istehsalçılarının ehtiyat hissələrini rus ov tüfənglərində, məsələn, MP-156 yarı avtomatik ov tüfəngində tapmaq olar.

Jurnalistlərin hesablamalarına görə, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiyaya təxminən 7300 odlu silah, o cümlədən yüzdən çox snayper tüfəngi və Qərb istehsalçılarından təxminən səkkiz milyon patron idxal edilib. Onların arasında Amerikanın “Smith & Wesson”, “Barrett Firearms and Desert Tech”, Avstriyanın “Glock və Steyr Arms” şirkətləri, həmçinin Almaniyanın “Merkel Jagd- und Sport Waffen GmbH”, “Nammo Schönebeck”, RWS, “Ruag Ammotech”, “Blaser” və başqaları var. Araşdırmaçılar yazır ki, silahların ən azı bir hissəsi Rusiya ordusu tərəfindən Ukraynada istifadə olunur.

Araşdırmaçı jurnalistlər əvvəllər Ukraynadakı müharibədə istifadə oluna bilən məhsulların Qərbin sanksiyaları altında Rusiyaya çatmasına təmin edən bir neçə sxem müəyyən ediblər. Bunlar pilotsuz təyyarələr və onlar üçün hissələr, həmçinin raketlərin istehsalında istifadə olunan mikrosxemlər və digər elektron komponentlərdir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol