Rusiya İstintaq Komitəsi (İK) “Moskva” kreyserinin batması ilə bağlı cinayət işini dayandırıb.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə komitədən gəmidə həlak olan dənizçinin atası Dmitri Şkrebetsə məlumat verilib.
Qeyd olunur ki, ibtidai istintaq “şübhəli və ya təqsirləndirilən şəxsin istintaqdan qaçması və ya başqa səbəblərə görə yerinin müəyyən edilməməsi” səbəbindən dayandırılıb.
Şkrabets İstintaq Komitəsinin qərarından şikayət etməkdə heç bir məna görmür. O, qeyd edib ki, “bütün məsul və birbaşa icraçılar Rusiya İstintaq Komitəsinin əlində olduqdan” sonra işin bərpası mümkün olacaq.
Şkrabets əlavə etdi ki, birbaşa günahkarlarla yanaşı, Rusiyada olan, lakin cinayət işinin iştirakçıları olmayan müxtəlif kateqoriyadan olanlar da var. Onun sözlərinə görə, bunlar öz hərəkətləri ilə, digərləri isə hərəkətsizliyi və səriştəsizliyi ilə flaqman “Moskva” kreyserinin başına gələnlərə şərait yaradan və dənizçilərimizin həlak olmasına səbəb olanlardı”.
Ukrayna ilə müharibədə iştirak edən Rusiya Qara Dəniz Donanmasının flaqmanı “Moskva” kreyseri 2022-ci il aprelin 14-də batıb. Ukrayna hərbi komandanlığı və Pentaqon gəminin raketlə vurulduğunu bildirib. Rusiya tərəfi bunu təkzib edərək, kreyserin sursatın partlamasına səbəb olan yanğının nəticəsində batdığını iddia edir.
İlkin olaraq Rusiya Müdafiə Nazirliyi Moskvanın ekipajının tamamilə təxliyə edildiyini bəyan etsə də, daha sonra 27 hərbçinin itkin düşdüyünü bildirib. 2022-ci ilin noyabrında ilhaq edilmiş Sevastopol məhkəməsi 17 rus dənizçisinin öldüyünü elan edib. “Moskva”da həlak olan hərbçilərin dəqiq sayı hələlik məlum deyil.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər