“Nadejdinə təşəkkür etməliyik, vətən xainlərini üzə çıxardı”
Kremlin Rusiya cəmiyyətini nə qədər acınacaqlı, bərbad duruma saldığını görmək üçün Vladimir Solovyovun və digər Kreml təbliğatçılarının verilişlərinə, həmin verilişlərdəki “qonaqlara” və orada səslənən açıqlamalara, çağırışlara diqqət yetirmək kifayətdir.
“AzPolitika.info” xəbər verir ki, Vladimir Solovyov son verilişində prezidentliyə namizədliyi irəli sürülmüş, lakin qeydiyyata alınmamış Boris Nadejdinin namizədliyi üçün imza atmış Rusiya vətəndaşlarına qarşı repressiyalar həyata keçirilməsinə dair çağırış edib. Onun bu təklifini orada iştirak edən Marqarita Simonyan da ürəkdən dəstəkləyib.
Solovyov Nadejdinə təşəkkür də edib ki, imzatoplama kampaniyası keçirərək, xüsusi xidmət orqanlarına Rusiyadakı “vətən xainləri”nin siyahısını əldə etməyə imkan yaradıb: “Boris Nadejdinə rəsmən təşəkkür edilməlidir. O, MSK-ya etibarsızların, təsir agentlərinin, xalq düşmənlərinin və s. siyahısını verib. O, böyük iş görüb, onların şəxsi məlumatlarını yığaraq, müvafiq orqanlara təhvil verib...”
Xatırladaq ki, Nadejdin 200 minə yaxın imza toplayıb və onların 100 minindən çoxunu MSK-ya təhvil verib. Bu, o deməkdir ki, 200 minə yaxın rusiyalı doğrudan da repressiya təhlükəsilə üz-üzə qala bilər...
“AzPolitika.info”

Şərhlər