ABŞ-ın sanksiyalarına məruz qalan 50 tankerin təxminən yarısı 2023-cü ilin oktyabrından etibarən Rusiyadan neft nəqlini dayandırıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, məhdudiyyətlərin sərtləşdirilməsi Moskvaya təzyiqin artırıldığını təsdiqləyir.
“Bloomberg”in məlumatına görə, məhdudiyyətlər tətbiq edildikdən sonra 18 tanker yükü götürüb, onlardan doqquzu şatl gəmisi olub. Həmişə olduğu kimi eyni həcmdə yanacaq alıb. Daha 7 tanker sanksiya siyahısına daxil edilməzdən əvvəl boş vəziyyətdə olub. Qalan 21-i isə yanacaq yükləməyib.
Son iki ayda Rusiya neftini Hindistana daşıyan 14 tanker Sinqapurun şərqindəki sularda lövbər salıb. Agentliyin məlumatına görə, onların demək olar ki, yarısı təyinat yerinə çatmamış geri dönüb. Bundan əlavə, sanksiyaların sərtləşdirilməsi Yunanıstan tankerlərinin Rusiya neftinin ticarətindən imtina etməsinə səbəb olub.
Avropa İttifaqı və G7 ölkələri Ukrayna müharibəsi zamanı Kremlin gəlirlərini məhdudlaşdırmaq üçün 2022-ci ilin dekabrında Rusiya neftinə “qiymət tavanı” tətbiq ediblər. Moskva isə öz neftini sanksiyalara qoşulmayan ölkələrə aktiv şəkildə satmaqda davam edir.
“Bloomberg”in məlumatına görə, 2023-cü ildə dənizlə tədarük edilən demək olar ki, bütün Rusiya nefti bir barel üçün 60 dollardan yuxarı qiymətə satılıb. Sanksiyalardan yan keçmək üçün Rusiya şirkətləri “kölgə donanması” adlanan donanmadan - rəsmi olaraq sanksiyalara qoşulmayan ölkələrin bayraqları ilə üzən, lakin əslində Rusiya şirkətlərinə məxsus tankerlərdən istifadə edirlər.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər