Qara dəniz hərbi donanmasının daha bir böyük desant gəmisini – “Sezar Kunikov”u itirən Rusiya hərbi-siyasi rəhbərliyi ötən gecə baş verən bu hadisəyə şərh vermək istəmir.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarına cavab verərkən Qara dənizdə Rusiya gəmisinə hücumla bağlı xəbərləri şərh etməkdən boyun qaçırıb və bununla bağlı bütün sualları Müdafiə Nazirliyinə yönləndirib: “Bu, “xüsusi hərbi əməliyyat”ın gedişi ilə birbaşa bağlıdır və müvafiq olaraq, Müdafiə Nazirliyinin müstəsna səlahiyyətindədir... Bu barədə sizə heç nə deyə bilmərəm”.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün səhər saatlarında Qara dənizdə Rusiyanın iri desant gəmisi “Sezar Kunikov”a hücum edildiyini açıqlamışdı. Ukrayna hərbçiləri hücum zamanı Alupka (Krım) yaxınlığında Ukraynanın ərazi sularında yerləşən gəminin məhv edildiyini bildirir.
Ukraynanın Baş Kəşfiyyat İdarəsi bildirib ki, “Sezar Kunikov” gəmisi “Magura V5” dəniz dronları tərəfindən hücuma məruz qalıb. Nəticədə gəmidə kritik dəliklər açılıb və o, batmağa başlayıb. Baş Kəşfiyyat İdarəsi bildirir ki, “Sezar Kunikov”un göyərtəsində 87-yə qədər ekipaj üzvü yerləşdirilə bilər.
Xatırladaq ki, iki həftə əvvəl Ukrayna istehsalı olan “Maqura” dəniz dronlarının hücumu nəticəsində Qara dəniz donanmasının “İvanovets” adlı iri raket kateri məhv edilmişdi.
“AzPolitika.info”


Şərhlər