Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdimatı ilə Baş Qərargah rəisinin birinci müavini Kamo Koçunts vəzifəsindən azad edilib.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, Paşinyanın bu qərarı Azərbaycan Ordusunun mövqelərinə atəş açılaraq bir hərbçinin yaralanması və cavab tədbirləri nəticəsində 4 erməni hərbçisinin öldürülməsi ilə nəticələnən insidentdən sonra verməsi diqqət çəkir. Qeyd olunur ki, qərarın sərhəd gərginliyi ilə bağlı olub-olmadığı bəlli deyil, Müdafiə Nazirliyindən bu barədə hələlik rəsmi şərh yoxdur.
Ermənistan ordusunda 30 ildən artıq müxtəlif vəzifələrdə çalışmış 61 yaşlı general-leytenant Kamo Koçuntsin yerinə 46 yaşlı Artur Yeroyan Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub. Yeroyan son üç ildə Vazgen Sarkisyan adına Hərbi Akademiyanın rəhbəri olub, əvvəllər bir sıra komanda vəzifələrində çalışıb.
“Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, keçmiş müdafiə naziri Qaqik Melkonyan isə bildirib ki, Koçunts yaşlı olduğuna görə istefaya göndərilib. O, iddia edib ki, qərarın sərhəddə baş verən təxribatla heç bir əlaqəsi yoxdur.
Keçmiş nazir müavini, eyni zamanda “Yerkrapa” Könüllülər Birliyinin üzvü Qaqik Melkonyan onu da deyib ki, fevralın 12-də baş vermiş hadisə ilə bağlı Hərbi Polisin rəsmi araşdırmasının nəticələrini gözləyir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər