ABŞ-da səfərdə olan Azərbaycanın müxalifətdən prezidentliyə namizədi Cəmil Həsənli dünən Şimali Virciniyalı konqresmen Cim Moranla görüşüb.
AZAD (Demokratiya uğrunda Amerika Azərbaycanlıları) ictimai təşkilatının saytında yer alan məlumata görə, müzakirə mövzusu Azərbaycanda seçkisonrası vəziyyət, siyasi məhbuslar problemi və ölkədə insan hüquqları sahəsində vəziyyət olub.
Həsənli qeyd edib ki, Azərbaycanda siyasi azadlıqlar getdikcə daha çox məhdudlaşdırılır. Beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinə təzyiq göstərməsə, bu proses dayanmayacaq. O, həmçinin konqresmeni siyasi məhbusların azad edilməsi məsələsini qaldırmağa çağırıb.
Cim Moran yaranmış vəziyyəti başa düşdüyünü bildirib və Azərbaycanda demokratlara dəstək ifadə edib.
***
Amerika Birləşmiş Ştatlarına noyabrın 14-də başlayan səfəri çərçivəsində professor Cəmil Həsənli Vaşinqton rəsmiləri ilə bir neçə görüş keçirib. Son iki gündə C.Həsənli ABŞ Konqresində keçirilən Azərbaycanla bağlı dinləmələrdə çıxış edib və müzakirələrə qatılıb. Görüşlərdə əsas müzakirə mövzuları Azərbaycanda demokratiyanın durumu, son seçki prosesi, rəsmi Bakının daxili və xarici siyasət gündəmi ilə bağlı olub. Bu haqda xəbəri “Yeni Müsavat” ABŞ-dakı qaynaqlardan alıb.
Vaşinqtonun dəvəti ilə gerçəkləşən səfər noyabrın 14-dən 22-dək davam edəcək. Bu, Cəmil Həsənlinin Azərbaycan müxalifətinin lideri kimi ABŞ-a ilk səfəridir. ABŞ Konqresi ilə yanaşı Cəmil Həsənlinin Dövlət Departamentində, eləcə də Qafqaz regionu ilə məşğul olan bir necə strateji araşdırma fondlarında görüşləri gözlənilir.


Şərhlər