Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib.
"Report"un xəbərinə görə, qanunverici orqanın fevralın 16-da keçirilən toplantısında onun namizədliyi səsverməyə qoyularaq qəbul edilib.
Milli Məclisin deputatlarından 105 nəfər Ə.Əsədovun Baş nazir olmasının lehinə, 1 nəfər isə əleyhinə səs verib.
Daha sonra Ə.Əsədov çıxış edib. O, Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib. Eyni zamanda, vəzifəyə təyinatına razılıq verilməsinə görə Milli Məclisin deputatlarına minnətdarlığını bildirib:
"İlk öncə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə mənim namizədliyimi irəli sürdüyünə və mənə göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Heydər oğlu Əliyevə dərin təşəkkürümü bildirirəm.
Fürsətdən istifadə edərək müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizi əhatə edən və şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə möhtərəm cənab Prezidenti bu yüksək kürsüdən bir daha ürəkdən təbrik edirəm".
O deyib ki, qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək bir daha dövlət başçısına yüksək inam və etimadını göstərdi:
"Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə zamanın çağırışları və mürəkkəb geosiyasi şərtlər fonunda həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, respublikamızın bölgənin Lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevrilməsini təmin etmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etməsi, 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şanlı səhifəsidir".
***
Milli Məclisdə Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, onun namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
Milli Məclisin sədri Sahibə Qafarova məsələ ilə bağlı deputatlara məlumat verib.
Daha sonra deputatlar məsələ ilə bağlı fikirlərini bölüşüblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edən yol xəritəsi idi: "Bu xəritədə də Azərbaycanın inkişaf perspektivləri, gələcəyi haqqında çox nikbin mesajlar verdi. Hesab edirəm ki, Azərbaycanın bundan sonra sosial-iqtisadi inkişafı ilə əlaqədar məsələlər, iqtisadiyyatın daha da dirçəldilməsi üçün qarşıda duran məsələlər onu deməyə əsas verir ki, Azərbaycanda güclü baş nazir olmalıdır. Hesab edirəm ki, Əli Əsədov bu sahədə peşəkar kadrdır. Onun baş nazir vəzifəsindəki 5 illik fəaliyyəti göstərir ki, yerində olan kadrdır".
***
Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək.
"Report"un xəbərinə görə, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Şərhlər
Yazıq baş nazir kiminlə işləsin.Pensiyaçılar Eyyubov.Əhmədov,,, Mustafayevlə yoxsa onu hesaba saymayan nazirlətlə?Ölkədə idaə sistemi yanlış qurulub.
Deputat Vahid Əhmədov bir neçə gün öncə elə proqnoz verdi ki,az qaldım növbəti pensiyamı almaq üçün meşok axtarışına çıxam.Ancaq elə birincidən atılan atəş xolstoy oldu.Bir yazıda oxudum ki,Əli Əsədov iqtisadçıdır,ona görə.Ona qalsa deputat Əli Məsimli də savadlı iqtisadçıdır,özü də kristal kimi təmiz insandır.Ancaq yox,daha bizlərin nəyisə gözləmək,yaxşı gələcəyə ümid etməsi sadəcə qiyamətə qaldı.Yəqin ki,elə nazirlər də eyni sayaq olar.Mən hələ görmədim ki,yeni təyin edilən nazir əvvəlkindən azacıq da olsa yaxşı və təmiz işləsin.Bir sözlə bu millətinki Allaha qaldı
Bu cəmiyyətin gŭzaranın dŭzəlməsinə hələ çox var.
Azərbaycan kimi bədbəxt ölkə yoxdur ,həmişə sabah yaxşı olar deyir ,Allaha dua edir ,Allah bizdən bezdiyi üçün bizlərə bəlalar göndərir , Şeytanlara isə var-övlət Şükr göndərir.Belə Baş Naziri olan Ölkənin dini ,mədəniyyəti, məktəbi ,məscidləri də beləcə saxta olur
Ölkədə tez bir zamnda Konstitusiyada köklü dəyişiklik edib, mövcud idarə sisemi deyişdirilmədən kimin baş nazir, kimi onun müavini olması heç nəyi dəyişməyəcək. Ola ki də Əli Əsədov. Ona görə də Ölkə Başçısından nəhayyət də yeni idarəetmə sisteminin bərqərar olunması yönündə də qətiyyətli addımlar atacağına əminlik duyurq.