Co Bayden administrasiyası Ukraynanı yeni və güclü uzaqmənzilli ballistik raketlərlə təmin etməyə çalışır.
“AzPolitika.info” xəbər verir ki, bunu “NBC News” nəşri administrasiyadakı iki amerikalı məmura istinadla yazıb.
Xəbərdə qeyd olunur ki, keçən ilin sonlarında ABŞ Ukraynanı ATACMS kimi tanınan taktiki raket sistemləri ilə təchiz etməyə başlayıb. Lakin indiyə qədər ona yalnız köhnə və orta mənzilli ATACMS-lar verilirdi. İndi isə ABŞ həmin raketin yeni, daha uzun mənzilli versiyasını göndərmək fikrindədir: “Bu, Ukraynaya Rusiyanın nəzarətində olan Krım yarımadasından daha uzağa zərbələr endirməyə imkan verəcək”.
Bununla belə, Müdafiə Nazirliyinin rəsmiləri “NBC News”-a bildiriblər ki, ABŞ-nin məhdud ATACMS tədarükü var və ehtiyatları artırmaq üçün pul olmadan onları Ukraynaya göndərmək mümkün deyil: “İki ABŞ rəsmisi bildirib ki, Konqres Ukrayna üçün maliyyələşdirməni təsdiqləsə, ABŞ ilk hərbi yardım paketlərindən birinə uzaq mənzilli ATACMS sistemlərini daxil edə bilər. Rəsmilər əlavə edib ki, hazırda ABŞ-də dərhal göndərilməyə hazır olan sursat və artilleriya var. Rəsmilər həmçinin, ABŞ-nin öz müttəfiqlərindən Ukraynanı raketlərlə təmin etməyi və ATACMS təchizatını artırmağı xahiş edə biləcəyini istisna etməyib”.
Yazıda xatırladılır ki, Bayden administrasiyası son iki ildə Ukraynaya uzaqmənzilli raketlər göndərməkdən imtina edib. Administrasiya rəsmiləri ehtiyat edirdilər ki, Ukrayna Silahlı Qüvvələri onlardan Krıma və ya Rusiyaya zərbə endirmək üçün istifadə edə və bununla da münaqişəni qızışdıra bilərlər. Ancaq indi administrasiyanın fikri dəyişib.
Göründüyü kimi, hər şey ABŞ Konqresinin qərarından asılıdr. Konqres isə Ukrayna hər gün çoxlu sayda vətəndaşını və ərazilərini itirərkən, “dincəlməyə” gedib.
“AzPolitika.info”


Şərhlər