“CƏSƏDİ VERMİRLƏRSƏ, DEMƏLİ, GİZLƏDİLƏCƏK NƏSƏ VAR...” – Putin Navalnının meyitilə bağlı seçim qarşısında qalıb

Müəmmalı şəraitdə ölən Rusiya müxalifətinin lideri Aleksey Navalnının cəsədi doğmalarına təhvil verilmir. Onun anası uzaq Salexard şəhərinə gedərək, övladının meyitini təhvil almaq istəyib. Çünki bundan öncə 3 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Aleksey Navalnının cəsədinin Salexard morqunda olduğunu bildirmişdi. Siyasətçinin anası uzun yol qət edərək oraya çatanda isə cəsədin onlarda olmadığını deyiblər.

Hazırda hakimiyət təmsilçiləri nə cəsədin yerini deyir, nə onu dəfn etmək üçün təhvil verir, nə də ölümün konkret səbəbini açıqlayırlar. Navalnını anım aksiyalarına çıxan olduqca azsaylı rusiyalılar isə həbs edilirlər.

Doğrudur, Navalnı öz şovinsit, millətçi, imperiyaçı baxışları ilə Putin hakimiyyətindən az fərqlənib. 2022-ci ildə başlanan işğalçılıq müharibəsini pisləsə də, atası ukraynalı olan Navalnı Rusiyanın Krımı işğal etməsinə, ümumilikdə Ukraynaya qarşı aparılan siyasətə haqq qazandırıb, çıxışlarında ukraynalıları təhqiramiz şəkildə “xaxollar” adlandırıb. 

Onun müxtəlif vaxtlarda ümumilikdə keçmiş SSRİ xalqlarına qarşı aşağılayıcı, şovinist baxışları, açıqlamaları olub. Ancaq bütün bunlara baxmayaraq, Navalnının ölümü və cəsədi ətrafında baş verənlər Rusiya hakimiyyətinin və cəmiyyətinin hansı dərəcədə çürüdüyünün, deqradasiyaya uğradığının göstəricisidir...

“BBC”yə danışan tibb ekspertləri hesab edir ki, Rusiya hakimiyyəti Navalnının cəsədinin yarılmasını nə qədər uzatsa, onun ölüm səbəbini gizlətmək və “izləri itirmək” bir o qədər asan olacaq.

“Yalnız vaxtında aparılan yarılma qəfil ölümün səbəblərini aydınlaşdıra bilər – o, mümkün qədər tez, ən azı 24 saat ərzində yarılmalı idi. Bunlar qəfil ölüm halında normal hərəkətlərdir, yarılma üçün biopsiya və ya digər tədqiqatların nəticələrini gözləmək lazım deyil. Məncə, ölümün səbəbi tromboemboliya, kəskin koronar sindrom, infarkt və s. olsaydı, Rusiyada artıq onu yarıb, “car çəkərdilər”. Belədə hakimiyyət orqanlarının yarılma edib meyiti təhvil verməsi daha sərfəlidir. Ancaq bunu etmirlər. Meyit təhvil verilmirsə, deməli gizlədiləcək nəsə var”. Bunları BBC-yə ABŞ-dəki Tufts Tibb Mərkəzinin şöbə müdiri Konstantin Balonov deyib.

“Navalnının cəsədi ən azı iki həftə yaxınlarına verilməyəcək”. Bunu isə mərhum siyasətçinin mətbuat katibi Kira Yarmış deyib. Onun sözlərinə görə, müstəntiqlər Navalnının anasına və vəkillərinə “kimyəvi ekspertizanın keçirilməsi üçün çox vaxt tələb olunacağını” deyiblər.

Bu arada Navalnının cəsədinin bundan sonrakı “taleyi” barədə müxtəlif mülahizələr irəli sürülməkdədir. Əksər müşahidəçilər onun mümkün qədər uzun müddət yaxınlarına təhvil verilməyəcəyi fikrindədirlər. Rusiya qanunlarına görə, insanın cəsədi “istintaq araşdırması” adı altında maksimum 30 gün saxlanıla bilər və bundan sonra yaxınlarına təhvil verilməlidir. Bu o deməkdir ki, fevralın 16-da ölüm xəbəri verilən Navalnının cəsədini martın 15-də keçiriləcək prezident seçkisinə qədər məlum bəhanələrlə saxlaya bilərlər. Elə Kremlə də bu variant sərf edir...

Ukraynalı tanınmış jurnalist Dmitri Qordon son şərhində qeyd edib ki, Putin Navalnının cəsədilə bağlı seçim qarşısındadır və onu seçki qurtarana qədər təhvil verməyəcək. Qarşıda Navalnını ya Rusiyada dəfn etmək, ya da Avropada yaşayan ailə üzvlərinə vermək dilemması var. Rusiyada dəfn ediləcəyi təqdirdə, bu mərasimə istər-istəməz xeyli sayda adam toplaşacaq, səs-küy yaranacaq, yeni həbslər keçirilməli olacaq, baş verənlər siyasi gündəmə təsir edəcək və sair. 

Bu isə xüsusilə də seçki ərəfəsində əlavə “başağrısıdır” və Kreml üçün qətiyyən arzuolunan deyil. Digər yandan, Navalnının qəbri onun tərəfdarları və ümumilikdə Rusiyadakı müxalif düşüncə daşıyıcıları üçün bir növ simvola, daimi ziyarət və gələcək etirazlar üçün toplanış yerinə çevrilə bilər. Bu da Kremlə lazım deyil...

Cəsədin Navalnının yaxınları tərəfindən Avropaya aparılaraq, orada dəfn edilməsi də Kremlə sərfəli deyil. Çünki orada onun dəfninə böyük izdiham toplaşacaq. Həmin mərasimə Avropa ölkələri və ABŞ liderləri qatılacaq. Bu isə Rusiyanın onsuz da ayaqlar altında sürünən beynəlxalq nüfuzuna daha bir ağır zərbə olar və Kremlə qarşı beynəlxalq birliyi daha da gücləndirə bilər.

Odur ki, Navalnının həyatda olması kimi, ölümü də Putin üçün başağrısıdr. Ancaq xüsusilə də son iki ildə baş verənlər Kremlin həddi-hüdudu olmayan dərəcədə “sırtıldığını”, nə beynəlxalq hüquqa, nə Rusiyanın öz qanunlarına məhəl qoymadığını, heç kimlə hesablaşmadığını və istənilən etirazı, çağırışı və s. güc yolu ilə dəf adə biləcəyini düşündüyünü ortaya qoydu. Odur ki, Navalnının ölümünü və dəfnini də eyni “prinsiplərə” əsaslanaraq, “yola verəcəklər”. Çünki artıq Kremlin çəkindiyi, utandığı, hesablaşdığı, müqəddəs saydığı heç nə qalmayıb...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Məmməd 2024-02-20 14:42:21

İlanın ağına da, qarasına da lənət.

Son yazılar