Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən fransız casuslar ifşa ediliblər.

Keçirilən əməliyyat çərçivəsində Türkiyədə fəaliyyət göstərən Fransa Kəşfiyyat Xidmətinin üç nəfərdən ibarət casus şəbəkəsi aşkarlanıb.

Məlum olub ki, suriyaəsilli Ahmet Katienin rəhbərlik etdiyi üçnəfərlik şəbəkə xaricə getməyə çalışan qaçqınlara işgəncələr verildiyi ilə bağlı Türkiyəni beynəlxalq səviyyədə ittiham edən saxta məlumat və sənədləri Fransa kəşfiyyatına təqdim edib.

Özünü ictimaiyyətə aktivist jurnalist kimi təqdim edən və İstanbulda yaşayan Ahmet Katie adlı suriyalı, Fransanın İstanbuldakı Baş Konsulluğundan ailəsi ilə birlikdə sığınacaq istəyib.

Lakin Fransa Xarici Kəşfiyyat Xidməti Katienin siyasi sığınacaq istəyinin qəbul edilməsi üçün Türkiyə əleyhinə hərbi və siyasi istiqamətdə casusluq etməsini təklif edib. Ahmet Katie bu təklifi qəbul edib. O, Türkiyədəki suriyalı qaçqınlar, immiqrasiya siyasəti və Türkiyəni Avropada çətin vəziyyətə salacaq real olmayan məlumatlar və saxta sənədlər təqdim edib.

Araşdırmalar zamanı müəyyən edilib ki, Ahmet Katie, İbrahim Şevaiş və Halis Elnahar adlı üç suriyalı Fransa Kəşfiyyat Təşkilatının təlimatları əsasında fəaliyyət göstərib və paytaxtı Parisdə yerləşən “Hələb Dostları İcması” (“Coliectif Amis d'Alep”) adlı qeyri-hökumət təşkilatı (QHT) menecerləri vasitəsilə məlumatlar ötürüb.

Fransa kəşfiyyatının nəzarəti altında olan və Parisdə fəaliyyət göstərən QHT rəhbərləri internet proqramları vasitəsilə uzaqdan fəaliyyət göstəriblər. Onlar Türkiyənin qaçqınların saxlanıldığı təcridxanalarda guya işgəncə tətbiq etdiyini, insan hüquqlarının pozulduğunu iddia edərək Türkiyəni beynəlxalq arenada çətin vəziyyətə salmağa cəhd ediblər.(oxu.az)

Mənbə: “Akşam”

***

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların suriyaəsilli olduqları qeyd edilib.

MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib.

Məlumata görə, üç nəfərlik qrupa Ahmet Katie rəhbərlik edirmiş. Onlar Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta infomasiyalar toplayıb Fransa kəşfiyyatına ötürürmüşlər.

Vurğulanıb ki, onlar Fransa kəşfiyyatına bir ildir casusluq edirmişlər.