Fevralın 20-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Ukraynaya qaçan Mi-8 hərbi helikopterinin pilotu Maksim Kuzminovun ölümünü təsdiqləyib.
Xatırladaq ki, bazar ertəsi keçmiş hərbçinin İspaniyada ölməsi barədə məlumat yayılıb.
"Rusiyada ölənlə ya yaxşı, ya da pis heç nə etməmək adətdir. Bu satqın və cinayətkar artıq öz çirkin və dəhşətli cinayətini planlaşdırdığı anda mənəvi cəsəd oldu", - Narışkin hərbçinin ölümü ilə bağlı dövlət qurumuna ünvanlanan sorğulara cavabında deyib.
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə baş verənlərlə bağlı məlumatı olmadığını və bunu Kremlin gündəmində olan məsələ hesab etmədiyini söyləyib.
Fevralın 13-də İspaniyanın cənub-şərq sahilindəki Alikante əyalətində kommunal qarajın girişində Ukrayna pasportu olan kişi meyiti tapılıb. O, şəxsi avtomobilində qətlə yetirilib. “El Pais” qəzeti istintaqdakı mənbələrə istinadən xəbər verir ki, cinayətkarlar hadisə yerindən qaçıblar. Qəzet yazır ki, İspaniya Mülki Qvardiyası əvvəlcə öldürülən şəxsin saxta sənədlərdən istifadə etdiyindən şübhələnib. İspaniya rəsmiləri öldürülən şəxsin kimliyini rəsmən təsdiqləməyib. Lakin Alikante polisindəki mənbələr onun Kuzminov olduğunu deyir.
“El Español” qəzeti istintaqdakı mənbəyə istinadən yazır ki, şübhəlilər uzun müddət Kuzminovu izləyərək, onun gündəlik qrafikini öyrəniblər. Onun park etdiyi qarajdakı kameralara giriş əldə ediblər. Mənbələr cinayəti törədənlərin olduqca peşəkar olduğunu bildirirlər.
Kuzminov Rusiya ordusunun kapitanı, Sızran Aviasiya Məktəbinin məzunudur. 28 yaşlı hərbçi, öz ifadələrinə görə, müharibəyə qarşı çıxıb və Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlayıb.
Avqustun 9-da o, qırıcı təyyarənin ehtiyat hissələrini daşıyan helikopterlə hökumətin nəzarətində olan Ukrayna ərazisinə uçub. Onunla birlikdə təyyarədə iki baş leytenant olub: 35 yaşlı şturman Xuşbəxt Tursunov və 28 yaşlı texnik Nikita Kiryanov. Onlar qaçış planında iştirak etməyiblər və öldürülüblər.
Rasim Əliyev
“AzPoliutika.info”


Şərhlər